Bakı. Trend:
Azərbaycan Avtomobil Federasiyası (AAF) yol hərəkəti təhlükəsizliyi ilə bağlı növbəti layihə həyata keçirib. "Yol hərəkəti qaydalarını öyrənək" adlı bu layihə nəzəri və praktiki xarakter daşıyır.
Federasiyadan Trend-ə verilən məlumata görə, iyunun 14-də Heydər Əliyev Mərkəzində interaktiv müzakirə şəraitində keçən tədbirdə ictimai nəqliyyatda və dayanacaqda davranış qaydaları, yol nişanları, svetofor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və s. barədə məlumat verilib.
Tədbir daha sonra svetofor və piyada keçidində praktik şəkildə davam etdirilib.
Qeyd edək ki, AAF indiyədək yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra sosial layihələr həyata keçirib. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərdə "Şəkillərlə öyrən" adlı rəsm dərsləri təşkil edilib. Bu dərslərdə şagirdlər və uşaq bağçasında təlim-tərbiyə alan azyaşlılar üçün yol hərəkəti qaydalarını, onlara riayət olunmanın vacibliyini izah edən müzakirələr aparılıb, həmçinin Avtomobil Federasiyasının təqdim etdiyi rəsmləri rəngləməklə orada təsvir olunan yol hərəkəti qaydaları öyrədilib.
Eyni zamanda AAF yol hərəkəti təhlükəsizliyi ilə bağlı videoçarxlar hazırlayıb, televiziya kanalları, şəhər monitorları və paytaxtın bir sıra kinoteatrlarında nümayiş etdirilib. Həmçinin federasiyanın təşəbbüsü ilə yol hərəkəti təhlükəsizliyi üzrə bir sıra nəşrlər hazırlanaraq yayılıb.