Bakı. Trend:
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 7 aprel-2 avqust tarixlərində 3 469 ədəd partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirib.
Agentlikdən Trend-ə verilən məlumata görə, qeyd olunan dövr ərzində Agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 469 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.