...

UNEC Biznes Məktəbi AACSB-nün üzvlüyünə qəbul edildi

Cəmiyyət Materials 8 Avqust 2016 12:18 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbi AACSB-nün üzvlüyünə qəbul edilib.
UNEC Biznes Məktəbi AACSB-nün üzvlüyünə qəbul edildi

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbi AACSB-nün üzvlüyünə qəbul edilib.

UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Biznes Məktəbi Azərbaycanda ilk dəfə olaraq, Amerikanın nüfuzlu AACSB təşkilatının (Association to Advance Collegiate Schools of Business/ Universitet Biznes Məktəblərinin İnkişafı üzrə Assosiasiya) üzvlüyünə qəbul edilib. AACSB-də UNEC Biznes Məktəbinin akkreditasiya prosesinə başlanılıb.

AACSB-yə üzvlük UNEC Biznes Məktəbini menecment təhsilinin gələcəyini müəyyən edən informasiya və insan kapitalı ilə əlaqələndirir. Eyni zamanda, üzvlük UNEC Biznes Məktəbinin marketinq baxımından imicinin artmasına dəstək verməklə, ona digər biznes məktəbləri ilə əməkdaşlıq etməyə də şərait yaradacaq. Təşkilat vasitəsilə UNEC Biznes Məktəbi çoxvektorlu beynəlxalq tədbirlərə qatılmaq, dəyərli nəşrlərə çıxış əldə etmək, təhsilin idarəedilməsi sahəsində beynəlxalq əmək bazarında müstəsna iş imkanları qazanacaq.

Təşkilatın üzvü olmaq güzəştli şərtlər daxilində iş elanları yerləşdirməyə də imkan verir ki, bu da biznes məktəbinin fakültə üzvlərinin səmərəli şəkildə yerləşdirilməsinə şərait yaradır. Eləcə də, UNEC Biznes Məktəbi ödənişsiz və məhdudiyyətsiz olmaqla, daha rasional qərarlar qəbul etmək üçün aparıcı təhsil işçilərinin beynəlxalq əməkhaqqı və təminatı barədə informasiya bazasına çıxış əldə edir.

UNEC Biznes Məktəbinin qlobal məkanla ünsiyyət yaratmasına kömək edən AACSB təşkilatına üzvlük həmçinin tədqiqat bazalarına limitsiz giriş hüququ, peşəkar və biznes təhsilinin davamlı inkişafı ilə bağlı seminar, konfrans və vebinarlarda iştirak etmək hüququ qazandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti