...

Ortaq türk tarixi dərsliyinin bir hissəsi artıq hazırlanıb

Cəmiyyət Materials 23 Avqust 2016 12:29 (UTC +04:00)
Türk dünyasının ortaq tarixi dərsliyinin XV əsrə qədər olan dövrünün tarixinin hazırlanması artıq başa çatıb.
Ortaq türk tarixi dərsliyinin bir hissəsi artıq hazırlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Türk dünyasının ortaq tarixi dərsliyinin XV əsrə qədər olan dövrünün tarixinin hazırlanması artıq başa çatıb. Hazırda dərslik redaktə prosesindədir.

Trend-in məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

R.Həsənovun sözlərinə görə, bu ilin oktyabrında Türk Şurasının təhsil nazirlərinin Qırğızıstanda görüşünün keçirilməsi nəzərdə tutulur: "Hesab edirik ki, həmin görüşdə bu kitab təsdiq olunacağı təqdirdə o, qısa müddətdə üzv ölkələrin prezidentlərinə təqdim ediləcək və bundan sonra müvafiq qərar veriləcək. Bu kitab yəqin ki, ya könüllü, ya da məcburi olaraq, dərs kitabı kimi istifadə olunacaq".

O əlavə edib ki, XV əsrdən sonra türk dünyasında parçalanmalar olduğuna görə kitabın ondan sonrakı dövrü ortaq türk tarixi kimi deyil, başqa adla adlandırılacaq: "Bunun adı üzərində hazırda iş aparılır. Hazırda kitab üzərində iş aparılır. Əgər noyabr ayında Bişkek sammitində bu dərslik qəbul olunsa, biz gələn il onu istifadə edəcəyik".

R.Həsənov qeyd edib ki, artıq Qazaxıstanın Astana şəhərində 35 orta məktəbdə 9-10-cu sinif şagirdləri pilot layihə kimi ortaq türk dünyasının tarixini öyrənirlər.

Baş katibin sözlərinə görə, bu kitab hazır olsa və təsdiqlənsə, onun həm də üzv ölkələrin akademiyaları və kitab mağazaları vasitəsilə satışını təşkil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti