...

Paytaxtda çay evinin sahibini güllələyənin məhkəməsi başladı

Cəmiyyət Materials 3 Oktyabr 2016 13:26 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda çay evinin sahibini güllələməkdə təqsirləndirilən Vüqar Şirinovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Paytaxtda çay evinin sahibini güllələyənin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda çay evinin sahibini güllələməkdə təqsirləndirilən Vüqar Şirinovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesdə V.Şirinov bildirib ki, hadisəni törətsə də, özünü təqsirli bilmir. O hadisəni mərhumun söyüş söydüyü üçün törətdiyini bildirib.

İş üzrə məhkəmənin baxış iclası oktyabrın 6-a təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 6-da axşam saatlarında Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib. Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb. V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb. V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına gedib. Onlarla sağollaşan V.Şirinov könüllü olaraq Ağsu rayon Polis İdarəsinə təslim olub. O, Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti