...

Azərbaycanda kosmik tədqiqatlar - bu dəfə “Qırmızı kitab”a düşən, amma tapılmayan heyvanlarla bağlı

Cəmiyyət Materials 28 Oktyabr 2016 10:51 (UTC +04:00)
Azərbaycanda adı “Qırmızı kitab”a düşən, lakin izi olmayan və heç yerdə tapılmayan heyvanların aşkar edilməsi üçün kosmik tədqiqatlara başlamaq nəzərdə tutulur.
Azərbaycanda kosmik tədqiqatlar - bu dəfə “Qırmızı kitab”a düşən, amma tapılmayan heyvanlarla bağlı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda adı “Qırmızı kitab”a düşən, lakin izi olmayan və heç yerdə tapılmayan heyvanların aşkar edilməsi üçün kosmik tədqiqatlara başlamaq nəzərdə tutulur.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, heç yerdə tapılmayan heyvanların areallarını yalnız peyklə alınmış məlumatlar əsasında müəyyən etmək olar: “Uzun müddət idi ki, biz bəbiri axtarırdıq, o, nəhayət, tapıldı. Biz 50 ildir ki, manul pişiyini tapa bilmirik. Onun yeri əsasən Naxçıvandır. Amma həmin heyvanın nə izi, nə fotosu, nə də yaşadığı yer barədə məlumatlar var. Biz kaftarı da tapa bilmirik. Amma biz kosmosdan çəkilən fotolar vasitəsilə onların yerini tapa bilərik”.

E.Yusifov əlavə edib ki, institut tamamilə yeni olan istiqamət üzrə də tədqiqatlara başlamağı nəzərdə tutur: "Bu tədqiqatlar nəsli kəsilmək üzrə olan heyvanların məhv olma səbəblərini öyrənməyə imkan verəcək. Hansı canlının nəsli kəsilmək üzrədirsə və qorunması üçün onun adı “Qırmızı kitab”a salınıbsa, bu, yetərli deyil. Həmin heyvanın digər çanlılarla münasibətinin öyrənilməsi də zəruridir. Çünki heyvanın yem bazası tükənirsə, o, açından öləcək və biz onu qoruya bilməyəcəyik. Amma onun çanlılarla münasibəti öyrənilərsə, məhv olması səbəbləri də daha dəqiq araşdırılar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti