...

Nazir: Yeni ali təhsil müəssisəsinin yaradılması digər universitetlərin bağlanmasına zəmin yaratmayacaq (YENİLƏNİB-2)

Cəmiyyət Materials 14 Noyabr 2016 12:38 (UTC +04:00)
Bakı Mühəndislik Universiteti 2017/2018-ci tədris ilində fəaliyyətə başlayacaq
Nazir: Yeni ali təhsil müəssisəsinin yaradılması digər universitetlərin bağlanmasına zəmin yaratmayacaq (YENİLƏNİB-2)

Bakı. Trend:

Bakı Mühəndislik Universiteti 2017/2018-ci tədris ilində fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, hazırda universitetin harada yerləşəcəyi məsələsi müzakirə edilir:

“Bütün ali təhsil müəssisələrinin yaradılması zamanı olduğu kimi, burada da maddi-texniki baza təmin olunacaq. Sonra müəssisəyə rəhbərlik təyin olunacaq. Bundan sonra isə tədris planı təsdiq olunacaq. Qarşımızda dayanan məqsəd bu universitetin 2017/2018-ci tədris ilində fəaliyyətə başlamasını təmin etməkdir. Yəni, tələbə qəbulu həmin dövrdə başlayacaq”.

Yeni ali təhsil müəssisəsinin açılması ilə əlaqədar digər universitetlərin bağlanması məsələsinə aydınlıq gətirən nazir qeyd edib ki, Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq:

“Yeni təhsil müəssisəsində formalaşacaq kadrlar ölkə iqtisadiyyatının müxtəlif sektorlarına inkişafına töhfəsini verəcək. Bu ali təhsil müəssisəsinin yaradılması düşünülmüş bir addımdır. 21-ci əsrdə baş verən proseslər onu göstərir ki, biliklər üzərində qurulan biznes ideyaları təbii resurslar və ya istehlak məhsulları üzərində qurulan fəaliyyət növlərindən daha çox səmərə verir”.

Qeyd edək ki, noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarıb. Azərbaycanda mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti