Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının (BGİ) İdarə Heyətinin növbəti iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, bununla bağlı Gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, millət vəkilləri Mahir Abbaszadə, Şahin İsmayılov, Ulvi Quliyev, "Böyük İpək Yolu" BGİ-nin İdarə Heyətinin üzvləri, 25-dən çox ölkədən gəlmiş gənclər təşkilatlarının nümayəndələri, Azərbaycanda akkreditasiya olunmuş səfirliklərin nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.
Əvvəlcə təşkilatın fəaliyyətini əks etdirən film nümayiş edilib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri, "Böyük İpək yolu" BGİ-nin sədri F.Muradov İttifaqın əsas məqsədinin Böyük İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hazırda İttifaqa 33 ölkədən üzv təşkilat daxildir.
Gənclər və idman naziri A.Rəhimov çıxış edərək ölkədə mövcud olan gənclər siyasəti, Azərbaycan gəncliyi Dövlət Proqramı, 300-dən artıq gənclər təşkilatının fəaliyyəti, nazirliyin təşkilatlara göstərdiyi dəstək barədə məlumat verib. Sonra nazir 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə tarixi "Böyük İpək Yolu"nun bərpası üzrə Avropa və Asiya dövlət başçılarının birinci Zirvə görüşünə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini qonaqların diqqətinə catdırıb.
Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini T.Süleymanov Azərbaycanın gənclər siyasəti haqqında danışaraq, müstəqillik dövründə ölkənin gənclər siyasəti sahəsində böyük təcrübə qazandığını bildirib.
T.Süleymanov qeyd edib ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları içərisində gənclər təşkilatları xüsusi fəallığı ilə seçilir. O deyib ki, Azərbaycan dövləti gənclərin fəaliyyətinə hərtərəfli dəstək verir. Bu istiqamətdə T.Süleymanov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılmasını nümunə göstərib. T.Süleymanov "Böyük İpək Yolu" BGİ-nin İdarə Heyətinin iclasının vacib əhəmiyyət kəsb etdiyini qeyd edib və tədbir iştirakçılarına uğurlar arzu edib.
İttifaqın gördüyü işlər haqqında məlumat verən təşkilatın baş katibi Aytən Əliyeva 2012-2016-ci illərdə İttifaqın 25-dən (Gənc şairələrin beynəlxalq forumu, "Bərabər iştirak üçün birgə qatıl" adlı beynəlxalq seminar, Gənc sahibkarlar forumu, "Böyük İpək Yolu" gənclər düşərgəsi və s.) artıq beynəlxalq və yerli səviyyəli tədbir keçirdiyini və bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb. Sonra İttifaq üzvləri Bakı, Astana, İstanbul, Budapeşt və Saloniki şəhərlərində İdarə heyətlərinin iclaslarının keçirilməsi haqqında məlumat veriblər.
Çıxış edən qonaqlar "Böyük İpək Yolu"nun xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında əvəzedilməz rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, "Böyük İpək Yolu" müasir dövr üçün regional və beynəlxalq iqtisadi, siyasi münasibətlərin genişlənməsinə, ticarət və əməkdaşlıq əlaqələrinin qurulmasına, mədəniyyətlər və sivilizasiyalararası dialoqun yaranmasına və inkişafına böyük töhfə vermiş təşkilatdır.
İclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstan, Litva, İraq, Gürcüstan, Qırğızıstan, Pakistan, Rusiya, Türkiyə, Tunis, Ukrayna, Latviya, İran, Albaniya, İsraildən, ümumilikdə İpək yolu üzərində yerləşən 25 ölkənin gəncləri iştirak ediblər.
İdarə heyətinin iclası 15-18 dekabr tarixlərində davam etdiriləcək.