Bakı. Trend:
Hacıqabul rayonunun içməli su problemindən əziyyət çəkən Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qəsəbəyə içməli suyun verilməsi mərasimində Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Bir neçə il öncə Hacıqabul şəhərində yeni layihə icra edilib, şəhərdə uzun illər mövcud olmuş içməli su problemi həllini tapıb. Növbəti mərhələdə kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-ə daxil olmuş müraciətlər əsasında Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni layihənin icrasına başlanılıb və qısa müddətdə tikinti-quraşdırma işləri yekunlaşıb”.
Qeyd edək ki, Hacıqabul rayonunun Navahı qəsəbəsini içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür-Bakı su kəməri seçilib. Bu kəmərdən Navahı qəsəbəsinə müxtəlif diametrli polietilen borularla 2,4 km magistral su xətti çəkilib. Eyni zamanda qəsəbə daxilində 5 km yeni su şəbəkəsi yaradılıb, 300-ə yaxın ünvana birləşmə verilib. Bununla da 2300 nəfər əhalisi olan qəsəbənin içməli su təchizatı yaxşılaşdırılıb.
Hacıqabul rayonunun Navahı qəsəbəsində 1980-ci illərdə su şəbəkəsi yaradılmış su təchizatı sistemləri uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşmüş və qəsəbəni tam əhatə etmirdi. Odur ki, sakinlərin böyük əksəriyyəti içməli suya olan tələbatını fərdi qaydada ödəmək məcburiyyətində qalıb.
Qeyd edək ki, daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələrin həyata keçirilməsinə başlanılıb. Xaçmaz rayonunun Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan, Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, İsmayıllı rayonunun Kürdmaşı kəndlərində həyata keçirilmiş layihələr çərçivəsində həmin yaşayış məntəqələrində yeni içməli su təchizatı sistemləri yaradılıb. Ümumilikdə 5 rayonun 13 kənd və qəsəbəsində 30 km-dən artıq su xətti çəkilib. Bu layihələrdən həmin yaşayış məntəqələrinin 10 mindən çox sakin faydalanıb.