...

Prezidentin sərəncamı penitensiar sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq

Cəmiyyət Materials 15 Fevral 2017 07:51 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir.

Ümumilikdə sərəncamı cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi adlandırmaq olar.

Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.

Məqsədlərdən biri də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılmasıdır. Belə ki, bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. İstintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti kənar təsir hallarının tam istisna olunması üçün yalnız qanunun tələblərinin rəhbər tutulmalı olduğunu məhkəmələrin diqqətinə çatdırıb.

Penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi; cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması; cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsi də sərəncamın məqsədləri sırasındadır.

Hazırda penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevrilib. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir, eləcə də ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır. Həmçinin böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir. Bütün bu sadalananlar sərəncamı zəruri edən şərtlər idi.

Sərəncama əsasən penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək.

Yeni yaradılacaq Ədliyyə Nazirliyi Probasiya Xidmətinin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması olacaq. Qeyd edək ki, probasiya termininin latıncadan tərcüməsi “sınaq” deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.

Bundan başqa, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələri tətbiq olunacaq. Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir.

Bu sərəncamın icrası ilə məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanuna uyğun şəkildə çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin ediləcək; məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrasında korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görüləcək; ictimai işlər cəzasının icrasında formalizm tendensiyası aradan qaldırılacaq, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin ediləcək; azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması üçün cəzaçəkmə müəssisələrində istehsal sahələri bərpa ediləcək, həmçinin yeni sahələr yaradılacaq; penitensiar xidmətin kadr korpusu təkmilləşdiriləcək, bu sahəyə peşəkar kadrların cəlb olunması təmin ediləcək; penitensiar müəssisələrin etibarlı mühafizəsinin təşkil edilməcək; ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən həbs qərarının verilməsində qanunvericiliyin tələblərinə ciddi əməl olunması təmin ediləcək, şəxsi cəmiyyətdən təcrid etmədən alternativ cəza tədbirlərinin tətbiqi genişləndiriləcək; cinayət təqibi və cəzaların icrası zamanı qanuna zidd əməllərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görüləcək.

Cəza siyasətinin humanistləşdirilməsi dedikdə isə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılması: maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması nəzərdə tutulur.

Bütün bu istiqamətlər üzrə kompleks institusional, qanunverici və praktiki tədbirlər görüləcək. Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti