...

“Made in Azerbaijan” məhsulları Bolqarıstanda Beynəlxalq Turizm Sərgisində (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2017 18:02 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın turizm potensialı və “Made in Azerbaijan” məhsulları Bolqarıstanda keçirilən Beynəlxalq Turizm Sərgisində təbliğ olunub.

Bu barədə Trend-ə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Azərbaycanın turizm potensialının və “Made in Azerbaijan” məhsullarının Bolqarıstanda təbliği məqsədilə 15 -17 fevral 2017-ci il tarixində Sofiyanın "İnter Expo" Mərkəzində baş tutmuş “Holiday&SPA EXPO” adlı 34-cü Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyasının (ABTTA) baş direktoru Bayko Baykov və Bolqarıstanın ən böyük və aparıcı turizm şirkətlərindən biri olan “Bohemia” şirkətinin birgə təşkilatçılığı ilə 16 fevral 2017-ci il tarixində Azərbaycanın turizm potensialına dair təqdimat keçirilib.

Təqdimatda sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanda mövcud turizm marşrutları, tarixi-mədəni abidələr, rekreasiya və turizm mərkəzləri, ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələri haqqında ətraflı məlumat verilmiş, bolqar şirkətləri tərəfindən hazırlanmış və Azərbaycana səfəri əhatə edən tur paketlər təklif olunub. Təqdimat çərçivəsində ölkəmiz haqqında sualları əks etdirən viktorina keçirilib və qaliblər səfirlik tərəfindən təqdim olunmuş suvenirlərlə mükafatlandırılıb.

Təqdimatdan sonra Azərbaycanın “Abşeron-Şərab” ASC şirkətinin istehsalı olan “Abşeron” şərablarının dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilmişdir. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb.

Tədbir zamanı Azərbaycanın müxtəlif regionlarının turizm potensialını əks etdirən broşürlar tədbir iştirakçılarına paylanılıb.

Bolqarıstanın Turizm Nazirliyinin himayəsi altında və Sofia şəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə keçirilən “Holiday&SPA EXPO” Bolqarıstanda hər il keçirilən ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir. Cari ildə keçirilən sərgidə Bolqarıstan və 20-dən çox xarici ölkədən 380-nə yaxın şirkət iştirak edib. Ziyarətçilərin sayının 20000-dən çox olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti