...

"Gənclər Kuboku" layihəsinin açılış mərasimi olub (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2017 17:23 (UTC +04:00)
“İrəli” İctimai Birliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən“Gənclər Kuboku” layihəsinin açılış mərasimi olub.
"Gənclər Kuboku" layihəsinin açılış mərasimi olub (FOTO)

Bakı. Trend:

“İrəli” İctimai Birliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər Kuboku” layihəsinin açılış mərasimi olub.

“Gənclər Kuboku” layihəsi 2017-ci il "İslam Həmrəyliyi ili" çərçivəsində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına dəstək istiqamətində reallaşdırılır.

Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndikdən sonra çıxış edən gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda keçirilən yarışların ən yüksək səviyyədə təşkil edildiyini vurğulayıb: "Bu gün və sabahın gənci tariximizə, mədəniyyətimizə sahib çıxmalı, fiziki baxımdan sağlam olmalıdır”.

Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu kimi layihələr ictimai dəstək olaraq digər QHT, gənclər təşkilatları üçün bir növ nümunə olacaq ki, onlar da İslam Həmrəyliyi Oyunlarına dəstək olsunlar.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Azərbaycan bayrağının beynəlxalq arenada qürurla dalğalanmasında idman sahəsinin xüsusi önəmi olduğunu qeyd edib. Gələcəkdə “Gənclər Kuboku” layihəsinin davamlı olaraq həftəsonu tədbirlər planına daxil olacağını bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda keçirilən bu kimi yarışların Azərbaycan gəncliyi, bu günü və gələcəyi üçün əhəmiyyətini vurğulayıb.

Bakı-2017 Əməliyyat Komitəsinin sədri Elçin Səfərov İslam Oyunları, idmanla bağlı keçirilən layihələrdə gənclərə hər zaman dəstək olacaqlarını vurğulayıb. İnkişaf etməkdə olan bir dövlət kimi əldə edilən uğurlar, böyük yarışlara ev sahibliyi etməyimizin böyük uğur olduğu qeyd edilib.

Sonda Elçin Səfərov, İntiqam Babayev, Vüsal Quliyev, Coşqun Rəhimov, Fərhad Hacıyev, Nurəddin Mehdiyev, Ayaz Bayramov, Fərhad Əliyevin iştirakı ilə püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 15 aprel tarixindən etibarən hər həftəsonu layihəni əhatə edəcək futbol, basketbol, voleybol, şahmat, səmti müəyyənetmə, yüngül atletika, stolüstü tennis, üzgüçülük, atıcılıq, velosiped idman növləri üzrə yarışacaqlar.

Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən, “Gənclər Kuboku” layihəsində təmsil olunan ali təhsil müəssisələri və komandalar aşağıdakılardır: - AU-Armada, BANM-Nightmare, AzTU-Texno, ADPU-Paradox, ADİU-İqtisadçı, AzMİU-Black knights, ADNSU-Boomerang, DİA-İcomparable, ADU-Rixos, Xəzər-Challengers, BDU-Dangerous, ADA-İsland, ATMU-Universal, BSU-Slavic jaguars.

“Gənclər Kuboku” Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında oynanılacaq 10 idman növünü əhatə edən və müxtəlif gənclər qrupu arasında keçiriləcək idman çempionatıdır. Layihənin ümumilikdə məqsədi müxtəlif idman oyunları üzrə gənclər arasında idman turniri keçirərək sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaqdır. Əsas məqsəd isə İslam Həmrəyliyi Oyunlarına, yarışlara dəstəyi nümayiş etdirməkdir.

SAY, Gənc Əkinçi, Azərbaycanın İntellektual BİRincisi brendlərindən sonra Yeni ildə yeni BRAND formalaşdırılır - "YOUTH CUP"! “İrəli” İctimai Birliyinin silsilə layihələrindən olacaq “Gənclər Kuboku” layihəsi bir yenilik olacaqdır.

Bir sıra yarışlar onlayn olaraq “İrəli” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Gənclərin Radiosu İrəli Radiodan (İradio.az) canlı olaraq şərh olunacaq. Yarışların nəticələri və gedişatın izlənilməsi, komanda haqqında məlumatların əlavə olunması üçün birlik tərəfindən www.youthcup.az yeni sayt hazırlanır. Sayt bu yaxınlarda gənclərin istifadəsinə veriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti