...

74 min manata yaxın gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib

Cəmiyyət Materials 3 Avqust 2017 14:59 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
74 min manata yaxın gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib

Bakı. Trend:

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında DƏMX tərəfindən vətəndaş müraciətləri diqqətlə araşdırılır, işçi hüquqlarının pozulması, o cümlədən əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları aşkar olunduqda belə halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Müraciətlərə əsasən, görülən tədbirlər nəticəsində cari ilin yanvar-iyul aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 67 716 manatı (92,2 faiz) gecikdirilmiş əmək haqlarından, 3 701 manatı (5 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi zərərə görə ödənclərdən ibarət olub. Vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı işçilərin qeyri-qanuni şəkildə işdən azad edildikləri müəyyən olunaraq, onların yenidən əvvəlki işlərinə bərpa edilmələri də təmin olunub.

DƏMX işəgötürənlər arasında əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsinə dair norma və standartlar barədə məlumatlandırma işlərini də davam etdirib. Eyni zamanda, yanvar-iyul aylarında Xidmətin xətti ilə ölkənin müxtəlif orta ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinin hüquqi əsasları və s. barədə uşaqlara ətraflı məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti