...

Naxçıvanda erkən Eneolit dövrünə aid yaşayış yeri aşkar olunub (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2017 11:42 (UTC +04:00)
Naxçıvanda aparılan arxeoloji tədqiqatlar zamanı erkən Eneolit dövrünə aid yaşayış yeri aşkar olunub.
Naxçıvanda erkən Eneolit dövrünə aid yaşayış yeri aşkar olunub (FOTO)

Bakı. Trend:

Naxçıvanda aparılan arxeoloji tədqiqatlar zamanı erkən Eneolit dövrünə aid yaşayış yeri aşkar olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, Eneolit abidələrində tədqiqatlar aparan Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası avqustun əvvəlindən etibarən fəaliyyətə başlayıb.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tanınmış arxeoloq Ketrin Marronun rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatların məqsədi qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdir.

V.Baxşəliyev bildirib ki, tədqiqat mövsümünün ilk günlərində Eneolit dövrünün erkən mərhələsinə aid yaşayış yerinin aşkar olunması böyük maraq doğurub. Arxeoloqun sözlərinə görə, yaşayış yerinin keramika məmulatı arasında boyalı qablar da var. Maddi-mədəniyyət nümunələri ölkəmizin qədim sakinlərinin Yaxın Şərq ölkələri ilə əlaqələrini öyrənməyə, Eneolit dövrünün ardıcıl inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan verir. Aşkar olunan maddi-mədəniyyət nümunələrinin bir qismi obsidian alətlərdən ibarətdir. Hazırda araşdırmalar davam etdirilməkdədir.

O qeyd edib ki, ərazidə qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri Azərbaycan alimləri ilə yanaşı, Fransa, Almaniya, İtaliya, Türkiyə, Macarıstan və Avstraliyadan gələn mütəxəssislər tərəfindən tədqiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti