Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu “Radon və insan sağlamlığı” adlı elmi-kütləvi broşür nəşr etdirib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycanda radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələn kitabça təbii radiasiya, onun mənbələri və radon qazının insan sağlamlığına yaratdığı təhlükələrdən bəhs edir.
Yeni nəşrdə bu təhlükələrin azaldılması və insanların ondan qorunması yolları, həmçinin bu istiqamətdə zəruri əhəmiyyət daşıyan normativ aktlar haqqında da ətraflı məlumat verilir. Broşür akademik Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, gənc alim Fərəh Mahmudova və Rauf Bağırlının 2010-cu ildən etibarən birgə apardıqları tədqiqatların nəticəsində hazırlanıb.
Kitabça tikinti işləri aparan şirkətlər və fərdi şəxslər, radiasiya təhlükəsizliyi ilə maraqlananlar, xüsusən də radonun yüksək səviyyədə olduğu ərazilərdə yaşayanlar üçün faydalı ola bilər. Azərbaycan dilində elmi-publisistik üslubda və illüstrasiyalarla hazırlanmış broşür “Nafta-Press” nəşriyyatında işıq üzü görüb və 40 səhifədən ibarətdir.