...

Ağdaşda Bilik evi açılıb (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2017 17:15 (UTC +04:00)
Bilik Fondunun növbəti Bilik Evi Ağdaşda açılıb.
Ağdaşda Bilik evi açılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş Bilik Evinin açılış mərasimi olub.

Fonddan Trend-ə verilən məlumata görə, Ağdaş rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşüb. İcra hakimiyyətinin başçısı bildirib ki, ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə ehtiyac var. Gənclərin savadlanması və müxtəlif müasir peşələrə yiyələnməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir.

O.Səmədov Bilik Fondunun ölkə ərazisində apardığı maarifləndirici işlərdən danışaraq Bilik evlərinin açılmasını bu yöndə atılan əhəmiyyətli addım kimi qiymətləndirib. Sonra T.İbrahimov və O.Səmədov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində gənclərin əl işləri və rəsm əsərləri ilə tanış olublar.

Yerli rəsmi qurumların təmsilçilərinin, təhsil müəssisələrinin müəllim, şagird, tələbə kollektivinin, ağsaqqalların, gənclərin, jurnalistlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova açaraq, rayonda aparılan islahatlardan danışıb, xüsusən də əhalinin maarifləndirilməsi işində Bilik Evi ilə birgə fəaliyyətin daha böyük səmərə verəcəyinə əminliyini ifadə edib.

Fondun icraçı direktoru O.Səmədov növbəti Bilik Evinin Ağdaşda açılmasına şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Nardaran, İsmayıllı, Qax, Oğuz, Astara, Şəmkir, Qarabağ Regional Bilik evlərinin fəaliyyətini xatırladan icraçı direktor bu maarifləndirmə ocaqlarının iş prinsipləri, hədəfləri, potensialları barədə ətraflı məlumat verib.

O.Səmədov Ağdaşda Bilik Evinin açılması təşəbbüsünün sakinlərdən gəldiyini və rayon rəhbərliyinin bu istəyə müsbət reaksiya verdiyini deyərək, gələcək fəaliyyətin də məhz bölgədən gələn təkliflər əsasında qurulacağını diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi kapitalı insan kapitalının formalaşmasına yönəltəməyin vacibliyi ilə bağlı səsləndirdiyi fikirlərə yüksək səviyyədə əməl etməyin vətəndaşlıq borcu olduğunu vurğulayan icraçı direktor ağdaşlıları Bilik Evi vasitəsi ilə ölkədəki siyasi, sosial və iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə ətraflı çatdırılması üçün Fondun maarifləndirici missiyasına dəstək verməyə çağırıb.

Açılış mərasimində Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyevin, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Əli Məmmədovun, Heydər Əliyev Mərkəzinin müdir əvəzi Tənzilə Şıxıyevanın, Bilik Fondunun Ağdaş rayonu üzrə nümayəndəsi, Ağdaş şəhər 9 nömrəli tam orta məktəbin direktoru Saffar Əzməmmədovun çıxışları olub.

Natiqlər bildiriblər ki, əhali maarifçilik istiqamətində həyata keçirilən hər bir fəaliyyəti böyük ruh yüksəkliyi, dövlətçilik sevgisi və ali dəyərlərimizə sadiqlik göstərərək dəstəkləməyə hazırdır.

Açılış mərasimindən sonra Bilik Fondunun icraçı direktoru O.Səmədovla rayon Heydər Əliyev Mərkəzinin müdir əvəzi Tənzilə Şıxıyeva iki qurum arasında əməkdaşlıq haqqında Saziş imzalayıblar. İcraçı direktor Bilik Evinin mütəxəssis, dinləyici və təlimçiləri ilə görüşüb, perspektivlər birgə müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti