Bakı. Trend:
Bu yaxınlarda AMEA Milli Azərbaycan Tarixi Muzeyinə BakuBus-dan tapılan qədim sikkələr təhvil verilib.
Muzeydən Trend-ə verilən məlumata görə, naməlum şəxs tərəfindən avtobusda unudulmuş sikkələr mühüm tarixi əhəmiyyət kəsb edir.
Bildirilir ki, BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev və şöbənin mütəxəssisi Şəfa Hümbətova bildirib ki, avtobusda tapılan sikkələrin sahibi tapılmayıb.
Müvafiq orqanlara bununla bağlı məlumat verdikdən sonra tapılan sikkələrin Milli Azərbaycan Tarixi Muzeyinə verliməsi məqsəduyğun hesab edilib. 32 ədəd sikkə Muzeyin Numizmatika və epiqrafika şöbəsinin müdiri, numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq edilib və müəyyənləşdirilib.
Sikkələr XV əsrdə zərb olunmuş mis sikkələrdən və Şirvanşah Şahruxun dövründə (XVI əsr) kəsilmiş gümüş təngədən ibarətdir. Materiallar Muzeyin Numizmatika fonduna təhvil verilib.