...

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada xeyriyyə bazarına qatılıb (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2017 18:57 (UTC +04:00)
Xeyriyyə bazarı iştirakçı ölkələrə öz mədəniyyət və adət-ənənələrini, musiqi, folklor, milli mətbəx, libas, ədəbiyyat və əl işlərini nümayiş etdirməyə imkan verir.
Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada xeyriyyə bazarına qatılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada təşkil olunmuş xeyriyyə bazarında iştirak edib

Səfirlikdən Trend-ə verilən məlumata görə, hər il dekabr ayının ilk bazar günü Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən xeyriyyə bazarı (Charity Bazaar) təşkil olunur. Xeyriyyə bazarı iştirakçı ölkələrə öz mədəniyyət və adət-ənənələrini, musiqi, folklor, milli mətbəx, libas, ədəbiyyat və əl işlərini nümayiş etdirməyə imkan verir.

1989-cu ildə yaradılan və Bolqarıstanda diplomatik və biznes dairələrdə fəaliyyət göstərən xarici qadınları bir araya gətirən Klub müxtəlif tədbirlər həyata keçirir.

Xeyriyyə bazarı əhatə dairəsi, iştirakçıların sayı və nüfuzuna görə Klub tərəfindən təşkil olunan ən böyük tədbir hesab olunur. Tədbirdə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərlə yanaşı, müxtəlif assosiasiyalar, fondlar və şirkət nümayəndələri də iştirak edir. Xeyriyyə məqsədi daşıyan bazardan əldə olunan vəsaitlər Klubun xeyriyyə məqsədli layihələrinə sərf olunur. Bazar iştirakçı ölkələrin mədəniyyəti və turizm potensialının təşviq edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Səfirlik cari ilin 3 dekabr tarixində təşkil olunmuş növbəti, sayca 23-cü xeyriyyə bazarında ölkəmizi təmsil etmişdir. Bazarda iştirak edən Səfirlik milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.

Tədbir iştirakçılarına ölkəmizin mədəniyyəti, turizm və ixrac potensialının təbliği məqsədilə müxtəlif broşür, buklet, Azərbaycanın turistik məkanlarının əks olunduğu xəritələr və s. paylanılıb. Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətləri və ölkəmizin turizm potensialına həsr edilmiş jurnal və nəşrlər iştirakçıların marağına səbəb olub.

Tədbir iştirakçılarının əksəriyyəti daha əvvəllər Azərbaycanın paytaxtı Bakıya səfər etdiklərini söyləyib, paytaxtımızla bağlı xoş təəssüratlarını bildiriblər. Qonaqlar Azərbaycan milli mətbəxinin səfirlik tərəfindən təqdim olunmuş nümunələrini dadıblar. Həmçinin “Made in Azerbaijan” brendinin təbliği məqsədilə Azərbaycan stendində AZNAR şirkətinin istehsalı olan “Grante” nar şirələri və narşərabları nümayiş olunub və iştirakçılar tərəfindən böyük həvəslə alınıb.

Səfirlik satışdan əldə edilən vəsaiti Bolqarıstanda həssas təbəqələrdən olan insanlara yardım məqsədilə tədbirin təşkilatçısına - Beynəlxalq Qadınlar Klubuna təhvil verib.

Ölkəmizin xeyriyyə bazarında iştirakı Bolqarıstan KİV-ləri tərəfindən işıqlandırılıb. Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan “Focus” xəbər agentliyinin internet səhifəsində Azərbaycan stendi barədə məqalə yerləşdirilib və səfir Nərgiz Qurbanovanın xeyriyyə bazarı ilə bağlı müsahibəsi yer alıb.

Qeyd edək ki, Səfirlik həmçinin ötən il keçirilmiş 22-ci xeyriyyə bazarında iştirak edib. Bazar ziyarətçilərinin sayı təxminən 11 000 nəfər təşkil edib. Xeyriyyə bazarında təmsil olunan səfirlik hər kvadrat metrə düşən gəlirə görə 79 stend arasında 9-cu yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti