...

"Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması" konfransı keçirilir (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2017 11:00 (UTC +04:00)
“Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb
"Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması" konfransı keçirilir (FOTO)

Bakı. Trend:

Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı ilə Bakıda “Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından istifadə olunması” mövzusunda konfrans öz işinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Avropa İttifaqının Əməliyyat Departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edirlər.

S.Müslümov tədbiri giriş sözü ilə açaraq bildirib ki, qabaqcıl dünya təcrübəsi əmək bazarında işçilərin ixtisas biliklərinə və bacarıqlarına olan tələblərin elmi-metodiki əsasa malik ifadəsi kimi peşə standartları modelinin tətbiqinin alternativsiz olduğunu sübut edib: “Çünki peşə standartlarının tətbiqi nəticəsində əmək bazarında işçilərin peşə və ixtisaslarına olan tələblərlə bağlı daimi institutlaşmış informasiya bazası, kadr hazırlığı sistemində bu tələbləri müəyyən etməyə imkan verən mənbə formalaşır”.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə əldə edilmiş mühüm nailiyyətləri diqqətə çatdıran nazir bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin inkişaf etdirilməsi əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara olan tələbatı, bununla əlaqədar peşə təhsili sisteminin əhəmiyyətini daha da artırıb. Bu gün hökumətin sosial inkişaf siyasətində əsas hədəflər sırasında da işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi, əhalinin əmək bazarının yeni tələbləri əsasında keyfiyyətli peşə təhsili xidmətləri ilə təmin edilməsi mühüm yer tutur: “2010-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. 2016-cı ilin əvvəlindən daha 61 adda peşə standartının layihəsi hazırlanıb. Növbəti 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması da planlaşdırılır”.

S.Müslümov qeyd edib ki, peşə standartları ilə bağlı məlumatları əks etdirən www.dios.az internet səhifəsi də yaradılıb. Hazırda nazirliyin rəsmi internet səhifəsində də peşə standartları haqqında məlumat bazası mövcuddur və internet resursunun təkmilləşdirilməsi üzrə işlər aparılır: “Hazırlanmış standartlar müəssisələr tərəfindən də geniş istifadə olunur. Belə ki, son 8 ayda peşə standartlarının sayt üzərindən 35 min dəfədən çox yüklənməsi həyata keçirilib”.

Nazir diqqətə çatdırıb ki, peşə standartlarının hazırlanması üzrə aparılan işlərin davamlılığını təmin etmək məqsədilə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin tərkibində Peşə standartları sektoru yaradılıb: “ATF-in dəstəyi ilə nazirliyin əməkdaşları peşə standartlarının hüquqi statusunu müəyyən etmək məqsədilə bu sahədə böyük nailiyyətlər əldə etmiş Estoniya və Türkiyənin müvafiq təcrübəsini öyrəniblər. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi prosedurlarını tənzimləyəcək Qaydaların və metodiki tövsiyələrin layihəsi də hazırlanıb: “Həmin normativ-hüquqi aktların beynəlxalq standartlara və milli qanunvericilik sisteminə uyğunlaşdırılması və müvafiq hüquqi bazanın yaradılması üçün Aİ-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə gələn ilin əvvəlindən yeni layihəyə başlanması nəzərdə tutulur. Bu işlər, həmçinin “Ömürboyu Təhsil Üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiqi, “Peşə təhsili haqqında” Qanunun qəbul edilməsi, “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın əmək bazarının tələblərinə uyğunlaşdırılması əmək bazarı ilə təhsil sistemi arasında uyğunluğun təmin olunmasında əhəmiyyətli rol oynayacaq”.

S.Müslümov bildirib ki, dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən olunmuş vəzifələrin icrası olaraq informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizminin və işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasının formalaşdırılması diqqətdə saxlanılır: “Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Təhsil Nazirliyi arasında razılaşdırılmış təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Təkliflərdə formal təhsildən kənar əldə edilmiş bacarıqların tanınması prosedurunu həyata keçirəçək Sertifikatlaşdırma Mərkəzinin, müxtəlif iqtisadi sahələr üzrə ekspertlər şəbəkəsinin yaradılması və s. məsələlələr yer alır. Ölkədə bacarıqların peşə standartları vasitəsilə tanınması, bundan sonra işə qəbul zamanı peşə ixtisasını təsdiqləyən sənədin tələb edilməsi peşə təhsili sahəsində aparılan islahatlara öz töhfəsini verəcək”.

Nazir diqqətə çatdırıb ki, statistik məlumatlara əsasən ölkənin əmək qabiliyyətli əhalisinin yalnız 32 faizi ixtisaslıdır. O bildirib ki, işsiz və iş axtaran şəxslərin peşə-ixtisas təhsilinin, əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi də onların işlə təminatında çətinlik yaradır. Digər tərəfdən, elm və texnologiyaların sürətli inkişafı mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsi ilə nəticələnir. Peşə standartı işçinin işə qəbul olunması və karyera yuksəlişinin planlaşdırılmasında, işəgötürənin tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında əsas alət rolunu oynayır.

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən olunması ilə bağlı tədbirin həyata keçirilməsi də ATF ilə əməkdaşlıq çərçivəsində reallaşacaq. Əmək bazarında tələb və təklifin proqnozlaşdırılması kimi vacib funkiyanı yerinə yetirəcək institusional sistemin, Azərbaycan Respublikasında Milli Observatoriyanın yaradılması ölkə iqtisadiyatı üçün əhəmiyyətli olacaqdır: “Təcrübə göstərir ki, hər bir ölkə üçün insan kapitalına yönəldilmiş vəsait cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar deməkdir. Peşə standartları da işçi qüvvəsinin keyfiyyətinin yüksəlməsinə, bununla da əmək məhsuldarlığının artımına, iqtisadiyyatın səmərəliliyinə və rəqabət qabiliyyətliliyinə xidmət edir”.

Y.Villems ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə əsasında və ATF-in dəstəyi ilə peşə standartlarının hazırlanması prosesinin həm iqtisadi inkişafın, həm də əmək resurslarının səmərəli məşğulluğunun təmin olunmasında xüsusi önəm kəsb etdiyini, Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin qarşıdakı dövrdə də bu işlərə dəstək vermək məramında olduğunu vurğulayıb.

Daha sonra Azərbaycanda peşə standartları ilə bağlı Avropa Təlim Fondu tərəfindən aparılmış qiymətləndirmənin nəticələrinə dair təqdimat olub. Konfrans çərçivəsində Azərbaycanda Peşə Standartlarının gələcək istifadəsi ilə bağlı yol xəritəsinin hazırlanması məsələlərinə dair “Peşə standartlarının təbliğatı – bu standartların istifadəçilərə çatdırılması”, “Peşə standartları üçün hüquqi və institutsional imkanların gücləndirilməsi”, “Peşə standartları üzrə planın hazırlanması”, “Ömürboyu təhsil üzrə peşə standartlarından istifadə” mövzularında plenar-seminarların keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti