...

Tibb Universitetinin müəllimlərinin fəaliyyəti bal-reytinq sistemi ilə qiymətləndiriləcək

Cəmiyyət Materials 29 Dekabr 2017 16:20 (UTC +04:00)
Azərbaycan Tibb Universitetində professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün əsasnamə hazırlanıb və bununla bağlı işçi komissiya fəaliyyətə başlayıb.
Tibb Universitetinin müəllimlərinin fəaliyyəti bal-reytinq sistemi ilə qiymətləndiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Tibb Universitetində (ATU) professor-müəllim heyətinin fəaliyyətinin bal-reytinq sistemi ilə qiymətləndirilməsi üçün əsasnamə hazırlanıb və bununla bağlı işçi komissiya fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli bildirib ki, dünya tibb təhsilinə inteqrasiya etmək, eləcə də kafedraların tədris proqramlarını inkişaf etmiş ölkələrin tədris proqramlarına uyğunlaşdırmaq məqsədilə bu il ərzində ATU-da “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə” qəbul edilib, bu vəzifələrin icrası üçün yeni “Təhsilin keyfiyyətinini təminatı və innovasiya” şöbəsi yaradılıb.

Rektorun sözlərinə görə, ATU-da tətbiq edilən yeniliklərdən biri - tələbələrin biliklərinin qiymətləndirilməsində yeni imtahan sistemi – açıq sualların tətbiqi ilə bağlı olub: “Üzümüzə gələn sessiyadan digər imtahan qiymətləndirmə formalarının da tətbiqi nəzərdə tutulur. Tələbələrin kliniki praktiki vərdişlərinin gücləndirilməsi məqsədilə keçən ildən buraxılış dövlət imtahanlarında məzunlarımızın bacarıqları yeni formada – obyektiv strukturlaşdırılmış klinik imtahan – OSKİ imtahanı formasında aparılıb. Yaxın gələcəkdə bu imtahan sisteminin keçid kurslarında da tətbiqi nəzərdə tutulur. İmtahanlar zamanı yarana biləcək narazılıqları dərhal və əsaslı şəkildə araşdırmaq üçün universitetdə Vahid apellyasiya komissiyası yaradılıb".

G.Gəraybəyli qeyd edib ki, 2017-ci ildə ATU-nun elmi fəaliyyət yönündə də kifayət qədər nailiyyətləri olub. Belə ki, ATU-nun nəzdində 19 ixtisas üzrə müdafiələr keçirən 5 dissertasiya şurası, 3 elmlər doktorluğu və 2 fəlsəfə doktorluğu şuraları təşkil olunub. Elmi işlərin səviyyələrinin artırılmasına kömək məqsədilə, Etika Komissiyası və Problem Komissiyası haqqında əsasnamələr qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti