...

MTRŞ-dan radiolara XƏBƏRDARLIQ - İnzibati tədbirlər də görülə bilər

Cəmiyyət Materials 9 Fevral 2018 10:55 (UTC +04:00)
Qanunvericilik tələbinin pozulması səviyyəsindən asılı olaraq radiolarla bağlı inzibati tədbirlər görülə bilər.
MTRŞ-dan radiolara XƏBƏRDARLIQ - İnzibati tədbirlər də görülə bilər

Bakı. Elçin Mehdiyev - Trend:

Qanunvericilik tələbinin pozulması səviyyəsindən asılı olaraq radiolarla bağlı inzibati tədbirlər görülə bilər. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, MTRŞ məsələni inzibati tədbirlərlə həll etmək istəmir: “Biz istəmirik ki, məsələni inzibati tədbirlərlə həll edək, amma inzibati tədbirlər hər an ola bilər. Hazırda monitorinqlər aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra radioda məsul şəxslərlə görüş keçiriləcək, nöqsanlar onların diqqətinə çatdırılacaq və onlar da izahat verəcək ki, niyə vəziyyət belədir. Çalışacağıq ki, problemlərdən birgə çıxış yolu tapaq”.

Şöbə müdiri vurğulayıb ki, həm cəmiyyətin, həm də medianın əsas diqqəti televiziyalar üzərində fokuslanıb:

“Bəzən belə rəy formalaşır ki, radiolar diqqətdən kənarda qalıb. Əslində heç də belə deyil. MTRŞ bütün yayımçıların monitorinqini aparır. Radiolarla bağlı da cəmiyyətdən müəyyən siqnallar daxil oldu. Məsələn bəzən belə hallar olur ki, qanun pozuntusu deyil, amma xoşagəlməz haldır, bəzən Azərbaycan milli dəyərlərinə xas olmayan müəyyən ifadələr, mövzular aparıcılar tərəfindən müzakirəyə çıxarılır. Bəzən aparıcı zəng edən tamaşaçı ilə elə formada danışır ki, bu qanun pozuntusu deyil, amma etik qaydanın pozulmasıdır. Biz çalışırıq bu məsələləri ortaya çıxaraq və daha çox hansı radiolarda bu cür hallara yol verildiyini müəyyən edək. Müəyyən edək ki, günah aparıcılardadır, yoxsa radionun xətti budur?! Ona görə də biz radioları xüsusi diqqətdə saxlayırıq”.

Qeyd edək ki, MTRŞ tərəfidən radiolarda aparılan monitorinqlərin nəticələri mart ayının ikinci yarısında bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti