Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin yeni tikilən binasının mayın sonu-iyunun əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, yeni bina 4 korpuslu yuksək standartlara cavab verən tibb müəssisəsi olacaq. Bakının Sabunçu rayonunda yerləşən iki mərtəbəli binada 300 xəstə stasionar müalicə oluna biləcək. Bina xəstələrin müalicəsi üçün ən müasir avadanlıqlarla təchiz ediləcək.
Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.