...

Şəmkirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 4 İyun 2018 19:24 (UTC +04:00)
Şəmkirdə Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans keçirilib.
Şəmkirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Şəmkirdə Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov və onun rəhbərlik etdiyi nümayəndə heyəti konfransa qatılıb. Qonaqlar arasında Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşıq, millət vəkili Sona Əliyeva, Yeni Azərbaycan Partiyasının ətraf rayon təşkilatlarının sədrləri, Bilik Fondunun nümayəndəsi, rayonun dövlət idarələri rəhbərləri, müəllimlər, tələbələr də olub.

Konfransı Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov açaraq deyib ki, Azərbaycan tarixini yazan baş tarixçimiz akademik Yaqub Mahmudovu aramızda görməkdən çox məmnundur.

Tarix İnstitutunun təmsilçilərinin Mərkəzin foyesində təşkil etdikləri Cümhuriyyətə həsr olunan sərgidən danışan İcra baçşısı həmin sərginin tədbirdən əvvəl ziyarət olunduğunu xatırladıb: "Sanki o dövrə düşmüşdük, görmədiyimiz hadisələri canımızda və ruhumuzda yaşadıq. Cümhuriyyət tarixi qürurumuzdur. Prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etməklə və o şanlı tarixin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalamaqla bizləri kökümüzə bir daha qaytardı, kimliyimizi daha dərindən öyrənməyə şərait yaratdı. Bizlər ö dövrə görkəmli tarixçilərimizın bilik çırağı ilə səyahət etdik və fəxarət hissi yaşadıq. Hamı öz çıxış vaxtından kəsib hörmətli akademikimizə versə, daha çox öyrənərik, sovetlər zamanında yazılması yasaq olan faktları dinləyərik. Qoy gənclərimiz bu dövlətin qurbanlar bahasına yarandığını bilib, onu göz bəbəkləri kimi qorusunlar".

Cümhuriyyət tariximizi 3 mərhələdə izah edən Y.Mahmudov əvvəl müstəqilliyi yaradan tarixi şəraitdən söz açdı, sonra nəhəng azərbaycanlı mütəfəkkirlərin siyasi gedişlərindən, qərarvermə bacarıqlarından, inamla göstərdikləri fəaliyyətlərindən, müstəqilliyin süqutunun səbəblərindən danışıb. Üçüncü mərhələdə tarixdən ibrət götürməyin, dostu düşməndən ayırmağın, o dövrdə yol verilən səhvləri təkrarlamamağın vacibliyini önə çəkib. Akademik iştirakçılara tövsiyələr də ünvanladı: "Cümhuriyyət qurucularını bir-birindən ayırmaq, onları üz-üzə qoymaq, kimsəni yaxşı, kimsəni pis qələmə vermək qəti olmaz. Cümhuriyyət siyasətçiləri şərəfli missiyanı öz üzərlərinə götürəndə şəxsi mənafelərini bir kənara qoydular. Onlar bu yolun məşəqqətli olacağını bilirdilər. Ucaltdıqları bayrağın bir daha enməyəcəyinə olan inamları onları qəhrəmana çevirdi. Bəli, ulu öndər Heydər Əliyev müstəqillik bayrağımızı enməyə qoymadı. Prezident İlham Əliyev isə o bayrağı lap ucalara qaldırdı, Aprel döyüşləri nəticəsində işğaldan azad olan ərazilərimizdəki yüksəkliklərə sancdı. İndiki nəslin borcu Vətəni, dövləti, bayrağı qorumaqdır".

Konfransda millət vəkili Sona Əliyeva Cümhuriyyət qurucularını əsl türk kişisinə xas olan qürur sahibləri kimi xarakterizə edib. Məhz bu keyfiyyətləri ilə Şərqdə ilk demokratik respublika qura bildiklərini diqqətə çardırıb.

Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq Azərbaycanın Cümhuriyyət modelinin, xüsusən Türkiyə üçün nümunə olduğunu deyib. İki ölkənin qardaşlıq münasibətindən danışan baş konsul Nuru Paşanın rəhbərliyi altında Bakının erməni daşnaklarından təmizləndiyini bildirib. Bu prosesdə türk komandanına Azərbaycanın yeni yaranan ordusu da kömək edib. Təsadüfi deyil ki, Nuru Paşanın Batum həbsxanasından qurtulmasına azərbaycanlı qardaşları yardımçı olub.

Baş konsulun hər iki xalqın daim qardaş olacağını deməsi zalda alqışlarla qarşılanıb.

Tədbirdə klipə də baxılıb, məktəblilərin iafasında şeirlər dinlənilib.

Konfrans iştirakçıları Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində də olublar. Bina və eksponatlar haqqında rayon icra başçısı məlumat verib. Dahi Üzeyir Hacıbəyovun 130 illiyi şərəfinə muzeyin həyətində "O olmasın bu olsun" operettası qəhrəmanlarının heykəllərindən ibarət kompazisiya ilə tanışlıq unudulmaz xatirə yaradıb.

Alman Lüteran kilsəsi ilə də tanışlıq olub. Kilsənin tarixindən, bərpasından danışan başçı orqan musiqi alətini göstərərək deyib ki, bu alətin əsli Gürcüstandadır. Orqanın arxasınca dəfələrlə gediblər, danışıqlar aparıblar, təəssüf, nəticəsiz qalıb.

İştirakçıların tanış olduqları digər məkan Şəmkir Dəryaçay komleksi ölkə başçısının sərəncamı ilə tikilib. 2014-cü ildə açılışı Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Dağlar arasında əsrarəngiz həyat mənbəyi – faydası və gözəlliyi heyrətamizdir. Su elektrik stansiyasının gücü 25 meqavatdır. Bu stansiya Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında su təminatını yaxşılaşdırıb. 54 248 hektar və yeni suvarılacaq 17 147 hektar torpaq sahələri bu kanallardan gələn suyun nəticəsində yaşıllığa bürünüb. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılıb.

Şəmkir Dəryaçayı istifadəyə verilməsi ilə rayonda nəhəng balıqçılıq təsərrüfatı yaradılıb. Rayon İcra Hakimiyyəti başçısı A.Məmmədov "Azfarel" adlı müəssisənin işləmə mexanizmi, istehsal gücü ilə tanış edib. "Azfarel"in məhsulu dünya bazarına çıxarılacaq. Artıq indidən qonşu ölkələrdəki balıq bazarları "Azfarel"in məhsulunun alıcısı olmağa hazır olduqlarını bildirirlər. Müəssisənin rəhbərliyi deyib ki, məhsullarını Azərbaycan bazarında 50 faiz ucuz satacaqlar: "Bu məhsulu Azərbaycanın torpağı, suyu, adamları hasil edir. Əlbəttə ki, onlar öz ölkələrinin brendini daha sərfəli qiymətlərlə almalıdırlar".

A.Məmmədov qeyd edib ki, Ermənistanın dünya bazarlarındakı farel məhsulunu sıxışdırmaq niyyətindədirlər. Əsas məqsədlərdən biri də budur. Müəssisə rəhbərliyi belə olacağına əmindir. Burada becərilən balıq axar suda saxlanılır. Su Dəryaçaydan hovuzlara daxil olur və elə oradan da yenidən çaya qayıdır. Balıq dövr edən suda böyüyürsə, daha dadlı olur. Azərbaycan brendinin fərqi və üstünlüyü həm də bundadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti