Bakı. Trend:
Azərbaycan Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovla görüşüb.
Fonddan Trend-ə verilən məlumata görə, görüşdə əhali arasında milli-mənəvi dəyərlərin təbliği, dini dəyərlərin qorunması, radikalizmə yuvarlanan gənclərin cəmiyyətə inteqrasiyası, vətəndaşların dini etiqad azadlığının təmin olunması istiqamətində birgə maarifləndirici tədbirlərin keçirilməsi, sadalanan sahələrdə əməkdaşlığın mümkün variantları müzakirə olunub.
Bilik Fondunun icraçı direktoru O.Səmədov Gəncədə baş vermiş hadisələrə toxunaraq son vaxtlar bədnam qüvvələrin ölkədə mövcud sabitliyin pozulmasına cəhd göstərməsini dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı qəsd kimi qiymətləndirib. İcraçı direktor bildirib ki, Azərbaycan xalqı öz qədim ənənələrinə sadiq qalaraq müdrikliyini bir daha sübut edib, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi inkişaf yolunu seçərək bunun təminatçısı olan dövlət başçısına hər zaman dəstəyini nümayiş etdirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru M.İsmayılov Bilik Fondunun maarifləndirici layihələrini izlədiklərini və birgə fəaliyyət nəticəsində daha səmərəli nəticələrin əldə olunacağına əminliyini bildirib.
Milli-mənəvi dəyərlərin təbliği istiqamətində Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə ölkənin cənub bölgəsində əhali ilə silsilə maarifləndirici görüşlər keçirilib.
Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və Lektorlar qrupunun üzvləri, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, Lənkəran Dövlət Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Qağayı Məmmədov iyulun 10-da Yardımlı Heydər Əliyev Mərkəzində, iyulun 11-də Lerik və Cəlilabad Heydər Əliyev Mərkəzlərində, iyulun 12-də Astara Heydər Əliyev Mərkəzində, iyulun 13-də isə Lənkəran və Masallı Heydər Əliyev Mərkəzlərində yerli əhali ilə görüşlərdə iştirak ediblər.
H.Abdulla “Azərbaycançılıq məfkurəsi, milli-mənəvi, dini dəyərlərimiz dövlətimizin siyasətində” mövzusunda çıxış edərək, Azərbaycanın dünyada tolerantlığa nümunə olduğunu, bununla yanaşı, öz milli-mənəvi dəyərlərimizi də layiqincə qoruyub saxladığımızı bildirib. Bu gün milli-mənəvi dəyərlərin təbliği istiqamətində mühüm işlər görüldüyünü qeyd edən sektor müdiri Azərbaycan xalqının söykəndiyi bu dəyərlərin Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durduğunu vurğulayıb. Son zamanlar baş verən Gəncə hadisələrinə toxunan H.Abdulla hər bir vətəndaşın milli-mənəvi dəyərlərə xələl gətirmək istəyən ekstremist qruplara və dini radikalizmə qarşı ciddi mübarizə aparılmalı olduğunu da vurğulayıb. Bildirilib ki, belə hallardan istifadə edib heç bir qüvvə ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd edə bilməyəcək, çünki Azərbaycan dövlətinin dayaqları güclü və sarsılmazdır.
V.Qafarov iştirakçılar qarşısında “Azərbaycanın cənub bölgəsi Cümhuriyyət dövründə” mövzusunda məruzə edərək bölgənin özünəməxsusluğu, tarixi və mədəni xüsusiyyətləri barədə məlumat verib.
Natiq cənub bölgəsinin tarixi və Cümhuriyyət dövründə baş verən tarixi hadisələr barədə geniş məlumat verməklə yanaşı, ölkəmizin bu ərazisində mənəvi dəyərlərimizin qorunması və möhkəmlənməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, Azərbaycanda mövcud dini etiqad azadlığının və dini tolerantlığın beynəlxalq aləmdə rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
Yardımlı, Lerik, Cəlilabad, Astara, Lənkəran və Masallı sakinləri məruzələri böyük maraqla dinləyərək belə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.
Mühazirəçilər tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları ətraflı cavablandırıblar.
Səfər çərçivəsində Bilik Fondu ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə Astara rayonunun Pensər kəndindəki Hacı Teymur Cümə məscidində vəhdət namazı qılınıb. Bununla da yerli sakinlər bir daha Azərbaycanda milli və dini zəmində qarşıdurmaya heç zaman yol verilməyəcəyinə əminliklərini ifadə ediblər.