Bakı. Cani Babayeva - Trend:
Milli Gimnastika Arenasında idman tədbirləri yüksək səviyyədə təşkil olunur, burada idmançılar üçün bütün mümkün şərait yaradılıb.
Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində məşqçi Nigar Əbdülsəlimova deyib.
Öz yetirmələrinin çıxışlarından danışan N.Əbdülsəlimova qeyd edib ki, onlar yaxşı çıxışları ilə yadda qaldılar:
"Mənim gimnastlarım yaxşı çıxış etdilər, lakin bundan da yaxşı ola bilərdi. Məşqlər zamanı onlar proqramları daha inamlı və yaxşı yerinə yetirirdilər. Görünür, həyəcanlı olublar".
Məşqçi daha sonra deyib ki, gənc gimnastlar üçün Milli Gimnastika Arenasında çıxış etmək yarışlarda yüksək nəticə göstərmək üçün böyük və yaxşı motivasiyadır.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin ikinci günü start götürüb.
Bu gün 2006-2007, 2003-2005 və 2002-ci il təvəllüdlü gimnastların fərdi çıxışları baş tutacaq. Qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək.
Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.
Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunacaq.