...

Zaqatalada ana ölümü ilə bağlı ilkin ekspertiza rəyi

Cəmiyyət Materials 6 Sentyabr 2018 15:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Zaqatalada dünyasını dəyişən 24 yaşlı Karatova Sevgiya Eyyub qızının meyiti üzərində aparılan ilkin müayinənin nəticələrinə görə, qeysəriyyə kəsiyi əməliyyatı zamanı onun ölümünə səbəb olacaq qanaxma baş verməyib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Birlikdən bildirilib ki, xəstənin narkozun təsirindən dünyasını dəyişib-dəyişmədiyi aparılan müayinələrdən sonra dəqiqləşdiriləcək:

“Mərkəzə təqdim edilən xəstəlik vərəqəsində S.Karatovanın narkozdan öldüyü qeyd edilməyib. Orada yazılıb ki, Karatova Sevgiya üzərində sentyabrın 5-də aparılan qeysəriyyə kəsiyi əməliyyatı saat 15.50-də başa çatıb. Əməliyyatdan sonra onun vəziyyəti kafi qiymətləndirilib. Saat 20.50-də isə xəstənin vəziyyəti pisləşib. Xəstəlik vərəqində xəstədə tromboemboliyanın baş verməsi qeyd edilib”.

Qeyd edək ki, Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı əməliyyatdan sonra dünyasını dəyişib. Mərhumun yaxınları S.Karatovanın narkozdan ayılmadığını iddia ediblər.

Körpənin vəziyyəti normaldır.

Xatırladaq ki, ötən il Azərbaycanda ana ölümünün səviyyəsi 2016-cı illə müqayisədə ümumilikdə 5,8 faiz artıb. Statistikaya əsasən Ana ölümünün səviyyəsi 2017-ci ildə əvvəlki illə müqayisədə şəhər yerlərində 1,4 dəfə azalıb, kənd yerlərində isə 1,4 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti