...

Gəray Gəraybəyli: Psixi pozuntuların yaranmasına səbəb olan ən əsas amil informasiya çoxluğudur

Cəmiyyət Materials 18 Oktyabr 2018 14:49 (UTC +04:00)
Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayı artıb.
Gəray Gəraybəyli: Psixi pozuntuların yaranmasına səbəb olan ən əsas amil informasiya çoxluğudur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayı artıb.

Trend-in statistik məlumatlara istinadən apardığı təhlillərə əsasən,

2017-ci ildə müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı 100.806 nəfər olub. Bu say 2016-cı ildə 96.848 nəfər, 2015-ci ildə 96.079 nəfər olub.

Ölkədə əhalinin hər 100.000 nəfərinə düşən psixi xəstələrin sayı 2017-ci ildə 1.030,9 nəfər, 2016-cı ildə 999,5 nəfər, 2015-ci ildə 1.002,3 nəfər olub.

Ölkədə ilk dəfə qoyulmuş psixi pozuntu və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin də sayı çoxalıb. 2017-ci ildə 10 281 nəfər, 2016-cı ildə 10 058 , 2015-ci ildə 7 764 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulub.

Psixi pozuntular və davranış pozuntuları uşaqlar arasında da artıb. 2017-ci ildə 2.889, 2016-cı ildə 2.187, 2015-ci ildə 1.739 uşaqda psixi pozuntular və davranış pozuntuları qeydə alınıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiatr Gəray Gəraybəyli Trend-ə bildirib ki, bu gün uşaqlar arasında psixi və davranış pozuntularının artımı hiperinformasiya axını, yəni informasiya bolluğu ilə əlaqəlidir.

Onun sözlərinə görə, uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan bir çox faktorlar var. Lakin onların arasında hiperinformasiyanı, informasiya çoxluğu faktorunu ilkin səbəb hesab etmək olar:

“Bu gün 5-ci sinfin riyaziyyat proqramı mənim oxuduğum dövrün proqramından tam fərqlidir. Bu, təbiidir. Çünki bu gün 21-ci əsrdir, tədris sistemi inkişaf edib. Lakin uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan ən əsas amil hiperinformasiya axınıdır. Hiperinfoprmasiyaya internet oyunları da aiddir”.

İnternet oyunlarının psixikaya olan mənfi təsirindən danışan G.Gəraybəyli qeyd edib ki, kortəbii, saatlarla kompüter oyunları ilə məşğul olmaq psixikaya bilavasitə mənfi təsir edir.

Onun sözlərinə görə, özünəqapanma, sosial əlaqələrin pozulması, audistik təfəkkürə meyllilik, əhval-ruhiyyənin qeyri-sabit olması, tez özündənçıxma, əsəbi gərginlik, yuxu pozuntusu - bunlar hamısı həmin vəziyyətdən irəli gəlir.

G.Gəraybəyli hesab edir ki, fiziki aktivliyin artırılması, idman etmək, açıq havada gəzmək, düzgün qidalanmaq bu problemləri bir qədər nizamlaya bilər:

“İnformasiya texnologiyaları sahəsi üzrə məşğul olanlar mənim bu fikrimdən narazıdırlar. Ancaq mən belə hesab edirəm ki, uşaqlar üçün olan kompüter oyunları müəyyən mənada nizamlanmalıdır. Kortəbii, saatlarla kompüter oyunları ilə məşğul olmaq psixikaya, xüsusilə uşaqların psixikasına bilavasitə mənfi təsir edir. İnsan canlı ünsiyyətdən aralanır. Mən dəfələrlə şahidi olmuşam ki, məclislərdə cavan uşaqlar – bibioğullaru, dayıoğullaru, xalaqızları və s. oturub bir-birləri ilə danışmaqdansa, hərəsi bir tərəfdə telefonla oynayır. Mən bir məclisdə artıq dözməyib dedim ki, siz bir-birinizi axırıncı dəfə nə vaxt görmüsünüz? Deyir, təxminən il yarım əvvəl. Deyirəm ki, necə olur ki, il yarımdan sonra sizin birinizin söhbət etməyə bir mövzunuz yoxdur, qapanmısınız o telefonlara”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti