...

Paytaxtda 805 müəllim ixtisasartırma təlimlərinə qatılıb (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2018 10:46 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2018-2019-cu tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilən təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib.

Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılır.

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.

Təlimlərdə paytaxt üzrə məktəbəhazırlıq qruplarında məşğələ keçəcək 805 ibtidai sinif müəllimi iştirak edib.

İxtisasartırma təlimlərinin müdavimlərinə TİPİİ tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər mentor xidmətindən yararlana biləcəklər. Belə ki, xüsusi hazırlıq keçmiş mentorlar məşğələlərə qatılacaq, müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərəcək, onlar üçün qrup müzakirələri təşkil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti