Bakı. Vüqar İmanov - Trend:
Bü gün Şamaxıda Azərbaycanın tanışmış şair və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli önündə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festivala Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 27-də şairin doğulduğu Şamaxı şəhərindən başlanılıb.
Mərasimdə İmadəddin Nəsiminin heykəli önündə təşkil olunan şeir-musiqi məclisində respublikamızın mədəniyyət və incəsənət xadimləri, həmçinin xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin poeziyasından söz açıb.
Ə.Qarayev bildirib: “Festival tarixi əhəmiyyət daşıyır, çünki Nəsiminin yaradıcılığı dünya əhəmiyyətlidir. Azərbaycan dahi filosoflar, şairlər və ədiblərlə məşhurdur. Nəsimi adını islam dünyasının tarixinə yazan hürufiliyin yaradıcılarından biridir. Festival çərçivəsində qonaqları Şamaxı və Bakıda müxtəlif mədəniyyət müəssisələrində çox zəngin və maraqlı proqram gözləyir. Festival bizim milli irs və müasirliyimizi, tarix və mədəniyyətimizi əks etdirir və insanların mənəvi təkmilləşmələrinə yönəlib. Festivalda müxtəlif ölkələrdən tanınmış mədəniyyət və elm xadimləri iştirak edir və tədbirin beynəlxalq miqyası onun böyük əhəmiyyət daşıdığından xəbər verir”.
Daha sonra Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Nəsiminin qəzəlləri tədbir iştirakçılarını valeh edib.
A.Qasımov bildirib: “Nəsimi festivalı, Nəsiminin yaradıcılığı mənəviyyata xidmət edir və bizim muğam kimi, o da, yüksək insani dəyərləri təbliğ edir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi sayəsində minlərlə insan Nəsiminin yaradıcılığının böyüklüyünü və bizim günlərdə onun aktuallığını göstərəcək nadir poeziya və incəsənət əsərlərini görəcək və eşidəcəklər”.
İslam müsiqisinin dünyaca tanınmış ifaçısı Azərbaycan əsilli müğənni Sami Yusif öz növbəsində festivalın dünya mədəniyyəti üçün əhəmiyyətini vurğulayıb: “Nəsiminin yaradıcılığı insanın ağlı və gözəlliyini tərənnüm edir. İnsan kamilliyinin böyüklüyünü təbliğ edən bu festivalda iştirak etmək mənim üçün böyük şərəfdir. Müasir dünyada mənəviyyat axtarışı çox aktualdır, çünki hər kəs öz xoşbəxtliyini, həqiqəti tapmağa çalışır. Və bu aspektdə festival həmin məqsədlərə çox gözəl xidmət edir, dünya birliyini sülhə və tərəqqiyə çağırır”.
Qeyd edək ki, sentyabrın 30-dək keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.