Bakı. İlhamə İsabalayeva – Trend:
İşsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Trend-in məlumatına görə, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanun layihəsinə dəyişikliyin edilməsi təklif olunur.
Yeni dəyişikliyə görə, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi (əvvəllər bu 25 faiz idi) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunacaq.