...

Milli mənəvi dəyərlər: dövlət siyasəti, medianın rolu

Cəmiyyət Materials 20 Noyabr 2018 13:32 (UTC +04:00)
Bu gün ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir.
Milli mənəvi dəyərlər: dövlət siyasəti, medianın rolu

Elçin Mehdiyev – Trend:

Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini qoruyub, yaşadıb. Nəsillərdən nəsillərə ötürülən bu ənənə, milli mənəvi dəyərlərə bu sadiqlik bu gün də davam edir. Ölkəmizdə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc birgəyaşayışında, qarşılıqlı anlaşmasında, əmin-amanlıqda məhz bu amil mühüm rol oynayır.

Bizim milli-mənəvi dəyərlərimiz milli tarix, milli dil, dinimiz, milli mədəniyyət, incəsənət, ədəbiyyatımız, milli özünüdərk, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz və s.-dir. Bu gün Azərbaycan ərazisini gəzdikcə eramızdan əvvəldən başlayaraq müxtəlif tarixi dövrlərə, xalqlara, dinlərə, inanclara, mədəniyyətlərə aid qədim abidələrlə qarşılaşırıq. Xalqın milli mənəvi dəyərlərə sadiqliyini sübut edən bütün bu abidələr həm də zəngin milli sərvətimizdir.

Təbii ki, bütün bunların nəticəsi olaraq Azərbaycanda çoxəsrlik tolerantlıq ənənələri, nümunəvi dövlət-din münasibətləri formalaşıb. Bu təcrübə, milli mənəvi dəyərlərin qorunması Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusilə Azərbaycan dövləti öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və düzgün təbliğ olunması istiqamətində də mühüm addımlar atılıb. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən, lakin bir çox ölkələrdə müşahidə edilməyən etnik-dini tolerantlıq isə çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib. Bu gün ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünyada tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir. Və o da təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olundu.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, o cümlədən İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməkdə davam edir. Qeyd olunmalıdır ki, Azərbaycanda “Multikulturalizm ili” bəzi Avropa ölkələrində miqrantlarla alçaldıcı rəftar edildiyi, islamofobiyanın artdığı, İslamın guya zorakılığa çağıran bir din kimi təqdim olunduğu bir vaxtda elan olundu. Bütün bunların məntiqi davamı olaraq, “İslam Həmrəyliyi ili” çərçivəsində Bakıda IV İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirildi. Oyunlar ərzində bütün müsəlman ölkələri məhz Azərbaycanın paytaxtında birləşdi, Bakı 54 ölkəni, yəni dünyanın ¼-ni “Sülh, həmrəylik” şüarı altında birləşdirdi.

Milli mənəvi dəyərlər xalqın mövcudluğunun əsas göstəricisidir. Bu dəyərlər bir xalqı digərlərindən fərqləndirir, birliyini təmin edir. Bu baxımdan milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur. Axı bu dəyərlər dövlətçiliyimizin möhkəmlənməsində də aparıcı rola malikdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi gündən milli-mənəvi dəyərləri diqqət mərkəzində saxladı, milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdi. Ulu öndər qeyd edirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyev azərbaycançılığı milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan ümummilli liderin bu siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Tam əminliklə söyləmək olar ki, Prezident İlham Əliyev Azərbaycanın milli mənəvi dəyərlərinin bir nömrəli mühafizəçisidir.

Şübhəsiz ki, milli mənəvi dəyərlərimizin qorunmasında Prezident İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması isə milli mənəvi dəyərlərimizə dövlət səviyyəsində böyük diqqət göstərilməsinin bariz nümunəsidir. Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.

Bu məqamda milli mənəvi dəyərlərimizin qorunması və geniş şəkildə təbliğ edilməsində medianın da rolunu qeyd etmək lazımdır. Azərbaycan mətbuatı “Əkinçi”dən başlayan ənənələri davam etdirərək xalqımızın mədəniyyətinin, adət ənənələrinin, tolerantlıq dəyərlərinin carçısı olub və indi də belədir. Bu gün Azərbaycan mediası milli adət-ənənələrimiz, milli ideologiyamız, tariximiz, dilimiz və dinimizi qorumaq, bu dəyərlərimizi gənc nəslə təbliğ etmək işinə böyük töhfə verir. Müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının elə bir tədbiri yoxdur ki, mediada işıqlandırılmasın. Mediada bu istiqamətə xüsusi diqqət həm də milli mənəvi dəyərlərimizi yad təsirlərdən qorumaq, bu mövzunu daim gündəmdə saxlamaq məqsədi daşıyır.

Prezident İlham Əliyevin ötən il dekabrın 21-də Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan xalqı öz milli mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevirir.

Müasir dövrdə qloballaşma şəraitində milli mənəvi dəyərlər hər bir xalqın yad təsirlərdən ən ümdə qoruyucusudur. Bu mənada Azərbaycan xalqının zəngin, dinc birgəyaşayışı təbliğ edən mənəvi dəyərləri nəinki mühafizəçi missiyasını yerinə yetirir, həm də qanlı toqquşmaların, müharibələrin intensivləşdiyi dünyada sülhə, qarşılıqlı anlaşma və hörmətə səsləyir.

Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən elan edilmiş “Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsinə təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti