...

Təhsil naziri: Universitetlər alternativ maliyyələşdirmə mənbələri barədə də düşünməlidirlər

Cəmiyyət Materials 23 Noyabr 2018 14:15 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramları təsis edildikdə universitetlər alternativ maliyyələşdirmə mənbələri barədə də düşünməlidirlər.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün bir necə maliyyə mənbəyindən istifadə etmək nəzərdə tutulub.

Nazir qeyd edib ki, proqramın əsas maliyyə mənbəyi Dövlət Neft Fondunun ayırdığı vəsaitlər olacaq. Eyni zamanda, digər vəsaitlərin - universitetlərin öz daxili vəsaitlərinin, əlavə cəlb edilmiş qrantların, kreditlərin, yaxud da istənilən digər mənbədən əldə edilmiş vəsaitlərin istifadə ediləcəyi istisna edilmir.

C.Bayramov vurğulayıb ki, proqramın maliyyələşdirilməsi üçün ilkin mərhələdə Dövlət Neft Fondunun ayırdığı vəsaitlərdən istifadə etmək nəzərdə tutulur: “İkili proqramları tətbiq edilərkən universitetlərin uzunmüddətli maliyyə dayanıqlığını təmin etmək baxımından onlara etdiyimiz müraciətlər bundan ibarət olacaq ki, proqram təsis edildiyi zaman bir necə il ərzində universitetlərə ciddi maliyyə dəstəyi göstəriləcək. Ancaq universitetlər işlərini uzun müddət üçün proqnozlaşdırarkən, qismən də olsa, alternativ maliyyələşdirmə mənbələri barədə düşünməli və həmin maliyyə mənbələrinə dair təkliflər də verməlidirlər”.

Nazir əlavə edib ki, Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramlarının təsis edilməsinə dair şərtlər müəyyən edilərək təsdiqlənməlidir. Eyni zamanda, doktorantura səviyyəsi üzrə seçim meyarları və onların maliyyələşdirilməsi meyarları hökumət tərəfindən təsdiqlənməlidir. Artıq Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə hazırlq işlərinə başlanılıb: “Düşünürük ki, biz qısa zamanda sənəd layihələrini hökumətə təqdim edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti