Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda ağac kəsənlər hadisə yerində yaxalanıblar.
Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalayev küçəsi, 141 ünvanında baş verib. Bununla bağlı gecə saat 23:00 radələrində Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olub. Müraciət əsasında qurumun Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin əməkdaşları öz evinin qarşısında tut ağacını kəsən qəsəbə sakinlərini müəyyən ediblər. Şöbə rəisi Orxan Məmmədov Trend-ə bildirib:
“Hadisə yerinə çatdıqda artıq ağac kəsilmiş vəziyyətdə idi. Kəsilən ağacın diametri 50 sm olub. Maddi sübut kimi ərazidə elektrik mişarı aşkarlanıb".
Şöbə rəisi qeyd edib ki, hadisə cinayət tərkibi yaratdığı üçün ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət olunacaq: "Ağacın kəsilməsinə səbəb kimi sakin yaşıllığın evə gedən yolu bağlamasını göstərir. Ancaq əraziyə baxdıqda evə girişin tam açıq olduğunu görmək olur".
O.Məmmədov əlavə edib ki, əgər ağac hər hansı bir sakinin evinə giriş-çıxışı bağlayarsa, sakin təsərrüfat birliynə müraciət etməlidirlər: "Müraciət əsasında ağaclar götürülərək yaxınlıqdakı digər əraziyə basdırılır. Sakinlər özbaşına heç bir ağacı kəsə bilməzlər".
Şöbə rəisi qeyd edib ki, həmin ərazidə daha 7 ağacın da dibləri qazılmış vəziyyətdə aşkar edilib: "Həmin ağacların da kəsilmək təhlükəsi ilə üz-üzə qaldığını nəzərə alaraq fakt aktlaşdırılaraq tərəfimizdən nəzarətə götürülüb".