...

Bu tələbələrə tibb hüququ tədris olunacaq

Cəmiyyət Materials 29 Noyabr 2018 13:23 (UTC +04:00)
Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti arasında hüquq elminin yeni sahəsi – tibb hüququnun tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu tələbələrə tibb hüququ tədris olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında hüquq elminin yeni sahəsi – tibb hüququnun tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Trend-in məlumatına görə, İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə bildirib ki, bu elmin tədris edilməsində məqsəd həkim-pasiyent münasibətlərinin nizamlanmasının hüquqi əsaslarını təmin etməkdir.

Memorandumda hüquq və insan haqları sahəsində birgə elmi əməkdaşlıq, tibb hüququ elminin inkişafı, elmi konfransların, dəyirmi masaların, seminarların təşkil edilməsi, elmi məqalələrin və dərsliklərin nəşri, həmçinin tibb hüququ sahəsində milli qanunvericilik üçün layihə və təkliflərin işlənib hazırlanması, fiziki imkanları məhdud olan şəxslərin təlimi və inklüziv təhsili metodologiyasının inkişafı sahəsində təkliflərin hazırlanması öz əksini tapıb.

A.Mustafazadə qeyd edib ki, artıq institut tərəfindən tibb hüququ üzrə dərslik hazırlanıb və nəşr olunub. Gələn il bu dərslik rus dilində təhsil alan tələbələr və eləcə də geniş auditoriya üçün də əlçatan olacaq.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də tibb hüququnun tədrisinin əhəmiyyətindən danışıb.

O qeyd edib ki, ATU-da aparılan islahatların əsas məqsədlərindən biri tədris proqramlarının səviyyəsini beynəlxalq səviyyəyə çatdırmaq, onları məşhur tibb universitetlərinin proqramları ilə uyğunlaşdırmaqdır.

Rektor hesab edir ki, bu baxımdan tibb hüququnun 2019-cu ildən nəzərdə tutulan tədris proqramlarına daxil edilməsi çox vacib məsələdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti