Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycanda sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, vahid bilet sistemi yeni mexanizmdir və bir neçə hissəyə bölünür: "İlk mərhələdə görüləcək işlər onlayn bilet sistemi ilə bağlıdır. Hazırda Bakı Beynəlxalq Avtovağzalından yalnız bir istiqamətdə onlayn bilet almaq mümkündür. Vahid bilet sisteminin tətbiqindən sonra hər iki istiqamətdə bilet almaq mümkün olacaq, o cümlədən sərnişinlər onlayn sistemlə rayonlardan Bakı istiqamətinə də bilet ala biləcəklər”.
N.Allahyarova qeyd edib ki, bundan başqa, avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq:
“Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ümumi şəkildə biletlərin alış-satışına nəzarət edə bilir. Lakin elə hallar olur ki, avtobus sahibləri çox sayda bilet alaraq süni şəkildə qiyməti qaldırırlar. Bu cür halların qarşısını almaq üçün avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq”.
Mətbuat katibi əlavə edib ki, vahid bilet sisteminin tətbiqi şəhərdaxili və şəhərlərarası sərnişindaşıma xidmətini birləşdirəcək: "Yəni paytaxtdan hansısa bölgəyə və yaxud hansısa rayondan Bakıya gələcək şəxslər vahid biletdən istifadə edə biləcəklər. Buna vahid kart da demək olar. Yəni sərnişinlər bir biletlə bütün ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər”.