...

Fevralın 10-da yeni təhsil proqramları üzrə sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 29 Yanvar 2019 16:11 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.

Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti