Bakı. Samir Əli - Trend:
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytının yenilənmiş variantının demo versiyasının təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, saytın yenilənməsinə səbəb günün tələbidir:
"Saytın daha yeni variantda hazırlanması bizim üçün çox vacibdir. Yeni variantda yeni imkanlar olacaq, vətəndaşlar birbaşa sayta istədikləri məlumatları göndərə və yerləşdirə biləcəklər. Sayta vətəndaşlar tərəfindən göndərilən faktlar dərhal araşdırılacaq. Saytın əsas xüsusiyyəti odur ki, yeni versiyada eko-radar olacaq. Sakinlər problemləri, çəkdikləri kadrları nazirliyin saytına birbaşa yerləşdirə biləcək. Sayt vətəndaşların istifadəsi üçün asan olacaq. Saytda vətəndaşları maraqlandıran suallar dərhal cavablandırılacaq. Bundan başqa vətəndaş sayta daxil olub e-mail elektron poçt ünvanını yerləşdirəcək. Həmin andan etibarən qeyd edilən elektron ünvana nazirliyin bütün yeni xəbərləri gələcək".
F.Əliyev bildirib ki, saytın demo variantından sonra təkliflər qəbul ediləcək, vətəndaşların mövqeyi öyrəniləcək. Yenilənmiş versiyada təkliflər nəzərə alınacaq.
Çıxışlardan sonra saytın demo variantı təqdim edilib.