...

UNEC-in təşəbbüsü ilə Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək

Cəmiyyət Materials 24 May 2019 13:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə 26 iyun - Silahlı Qüvvələr Gününədək davam edəcək “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək.

Trend-in məlumatın görə, aksiya çərçivəsində UNEC-də, eləcə də Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində “Heydər Əliyev və Azərbaycan Ordusu”, “Azərbaycanda ordu quruculuğunun İlham Əliyev mərhələsi”, “Azərbaycanda ordu quruculuğunun aktual məsələləri” mövzularında mühazirələr oxunacaq.

Həmçinin “Ordumuz qürurumuz, xalqımız dayağımız”, “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!”, “Müsəlləh əsgərəm mən də bu gündən”, “Vətənin polad sipəri - Azərbaycan əsgəri” adlı kütləvi vətənpərvərlik tədbirləri, əsgər, zabit və kursantlarla görüşlər, dəyirmi masalar, filmlərin nümayişi, kitabların müzakirələri təşkil olunacaq.

Bununla yanaşı, cəbhəboyu zonalarda, ön xətt bölmələrində universitetin müəllim və tələbələri polad dəbilqə, əsgər libası geyinərək igid Vətən müdafiəçiləri ilə birlikdə rəmzi döyüş növbəsində dayanacaq, şəxsi heyətin mədəni-asudə vaxtının səmərəli təşkilində yardımçı olacaqlar.

Artıq UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti qəbul edilərək nəfis kitabça şəklində çap olunub. Hər bir əsgərə paylanacaq bu cib kitabçaları Azərbaycan əsgərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da yüksəldəcək, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inamını daha da artıracaq. Ali Baş Komandanın əmrlərinə hər an hazır Azərbaycan əsgərinə mənəvi dəstək olacaq.

Döyüşlərdə, təlimlərdə və hərbi xidmətdə fərqlənən hərbi qulluqçular üçün xüsusi sovqatlar, mükafatlar və döş nişanları da hazırlanıb. Hərbi hissə kitabxanalarına kitab dəstləri, zəruri təşviqat vasitələri hədiyyə ediləcək.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin başa çatdığı gün - mayın 24-də UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun başçılığı ilə aksiya iştirakçılarının ilk qrupu respublikanın qərb bölgəsinə yola düşəcək. Cəbhəboyu bölgədə xidmət keçən Azərbaycan Ordusunun döyüşçülərini bir-birindən rəngarəng vətənpərvərlik tədbirləri, maraqlı görüşlər gözləyir.

“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının birinci qrupunu Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani müşayiət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti