...

Cocuq Mərcanlıda "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında xeyriyyə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyun 2019 10:17 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası və Horadiz şəhərində “Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” mövzusunda Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdən öncə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d Rəşad Mahmudov, Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları – Bülent Polat, Yalım Yalçın, Füzuli və Cəbrayıl rayonlarının icra hakimiyyətinin başçıları 2016-cı il aprel döyüşlərində həlak olan qəhrəman əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

Cocuq Mərcanlı qəsəbəsinə ezam olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalın peşəkar həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları qəsəbədə yaşayan bütün uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinələrini həyata keçiriblər. EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqlara peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəsmi nümayəndələri Cocuq Mərcanlıda yerləşən tibb məntəqəsini ziyarət ediblər və məntəqəyə kondisioner və bəzi tibbi ləvazimatlar hədiyyə ediblər. Eyni zamanda, Füzuli rayonu Horadiz şəhərində “Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” adlı Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib. Konfrans Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbərlərinin, millət vəkillərinin, Füzuli və Cəbrayıl icra hakimiyyətlərinin nümayəndələrinin və konfrans iştirakçılarının Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və onun tərəfdaşları olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və İstanbul Bilim Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib.

Konfransda Türkiyədən gələn professorlar ürək-damar cərrahı Bülent Polat və pediatrik kardioloq Yalım Yalçın, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, ADHTİ Şüa Diaqnostikası Kafedrasının fetal təbabət üzrə mütəxəssisi Azər Fərəc, Mərkəzi Gömrük Hospitalın uzman pediatrı Telman Aytayev və Mərkəzi Gömrük Hospitalın uzman uşaq cərrahı Vüsal Cəfərov məruzələrlə çıxış ediblər.

Konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib. Çıxışlarda uşaq ürək cərrahiyyəsinin bu günü və gələcəyi, anadangəlmə ürək qüsurları, fetal təbabət, prenatal diaqnostikada yeniliklər, uşaq cərrahiyyəsində təcili vəziyyətlər və s. bu kimi aktual məsələlərə toxunulmuş, müasir tibbin ən qabaqcıl yeniliklərinin tətbiqi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında keçirilən xeyriyyə aksiyası Füzuli rayonu, Horadiz şəhərində 3 iyun tarixi daxil olmaqla davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti