...

Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar (FOTO)

Cəmiyyət Materials 4 İyul 2019 11:47 (UTC +04:00)
Respublikanın aparıcı KİV təmsilçilərinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir.
Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın dövlət qurumları, jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında görüşləri keçirirlər.

Trend-in məlumatına görə, nümayəndə heyətinin növbəti görüşü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində, Nazirliyin informasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova ilə keçirilib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya-Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini, Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib.

Mariya Zaxarova Azərbaycan KİV rəhbərlərinin Moskvaya səfərini və keçirdikləri görüşləri yüksək qiymətləndirib. Hər iki ölkədə KİV-lə bağlı maraq doğuran məqamların müzakirə edilib effektiv nəticə əldə edilməsi üçün canlı təmasların qurulmasını vacib sayıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Nümayəndə heyətinin üzvləri Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovla da görüşüblər. Görüşdə iki ölkənin KİV qurumlarının və jurnalist təşkilatlarının təmaslarının gücləndirilməsi üçün təkliflər müzakirə edilib.

Daha bir görüş “Komsomolskaya pravda” qəzetində keçirilib. Azərbaycan KİV təmsilçiləri qəzetin iş şəraiti ilə tanış olublar. Sonra qəzetin baş direktoru Vladimir Sunqorkinlə görüş keçirilib. Sunqorkin qonaqları salamlayaraq, Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru, KİVDF Müşahidə şurasının sədri Həsən Həsənov, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bakinskiy Raboçiy” qəzetinin başredaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, “AzərTAC” İnformasiya Agentliyinin redaksiya müdir müavini Əziz Məmmədov, “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti