...

Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır

Cəmiyyət Materials 13 İyul 2019 17:23 (UTC +04:00)
AMEA-nın Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Naxçıvantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb.
Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılır

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Naxçıvantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb.

AMEA-dan Trend-ə verilən məlumata görə, Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən yaşayış yerində arxeoloji qazıntılar iyulun 1-dən aparılır. İki hektardan çox əraziyə malik olan yaşayış yerinin əsasən 300 kvadratmetr sahəsində tədqiqatlar davam etdirilir.

Qazıntının aparılmasında məqsəd Cənubi Qafqaz ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin, eyni zamanda məskunlaşma tarixinin öyrənilməsidir. Tədqiqatlar zamanı torpaq laylarının altından qədim evlərin qalıqları, ocaq yerləri, obsidian parçaları, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkarlanıb. Tapıntılar içərisində dən daşları tək-tək nümunələrlə təmsil olunur. Keramika məmulatı başlıca olaraq eramızdan əvvəl V minilliyin birinci yarısı üçün xarakterikdir. Onların əsas xüsusiyyəti Dalmatəpə tipli boyalı və basma naxışlı olmasıdır. Ərazidən aşkarlanan maddi nümunələrə əsaslanan tədqiqatçılar qədim yaşayış yerini Eneolit dövrünün erkən mərhələsinə aid edirlər.

Qeyd edək ki, Naxçıvantəpədə arxeoloji tədqiqatlar bu ayın sonunadək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti