Bakı. Mətanət Nəsibova - Trend:
Neftçala sənaye məhəlləsində yeni “Peugeot 207” modelinin istehsalına hazırlıq işləri gedir.
Bu barədə Trend-ə “Azərmaş” şirkətindən bildiriblər.
Mənbənnin məlumatına görə, yeni modelin istehsalı yaxın aylarda başlayacaq:
“Avtomat ötürücülər qutusu ilə təchiz olunacaq “Peugeot 207” avtomobillərinin qiyməti 17 500 manat təşkil edəcək. Paralel olaraq, Neftçala sənaye məhəlləsində istehsal olunan “Khazar SD” minik avtomobillərinin ixracına hazırlıqlar gedir”.
Şirkətdən bildiriblər ki, ixrac Rusiya bazarına planlaşdırılır, hazırda tərəflər detallarla əlaqədar danışıqlar aparır.
O da qeyd olunub ki, bu ilin əvvəlində Neftçala sənaye məhəlləsində yığılmış “Peugeot 407” modelləri daxili bazarda satışa çıxarılıb.
Xatırladaq ki, “Azərmaş” zavodu 2018-ci il martında 29-da açılıb. Zavodun təsisçiləri İranın “Iran Khodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.
2018-ci ildə zavodda mindən çox “Khazar” markalı avtomobil istehsal olunub və onlardan 95 faizi satılıb. Bu il 3 min avtomobilin istehsalı planlaşdırılır.
“Khazar LD” modelinin qiyməti 18 min manat, “Khazar SD” modelinin qiyməti isə 16 min manat təşkil edir.