Bakı. Trend:
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətləri hər iki ölkənin müasir əməkdaşlığında başlıca həlqəni təşkil etməkdədir. Sevindirici haldır ki, İranın və Azərbaycanın media qurumları da fəaliyyətlərini bu ənənəyə sadiqlik ruhunda qurmaqdadır.
İranın Azərbaycandakı Səfirliyinin son illər hər iki ölkənin kütləvi informasiya vasitələri arasındakı təmasın möhkəmləndirilməsinə yönələn təşəbbüslərinin geniş təqdir olunduğunu vurğulayan MŞ sədri əlavə edib ki, başlanmış yolun davamı vacibdir və rəhbərlik etdiyi təşkilat mövcud istiqamətdəki işbirliyinin perspektivlərinə ümüdlüdür.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq prioritetləri nəzərdən keçirilib. Bu baxımdan İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti ilə Azərbaycan Mətbuat Şurası arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyəti önə çəkilib. Həmin sənədə əsasən İran və Azərbaycanın media təmsilçilərinin qarşılıqlı səfərlərinin reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Səfir C.Cahangirzadə həmçinin son aylar Prezident İlham Əliyev tərəfindən aparılan islahatların Azərbaycanın daha da inkişafı baxımından münbit zəmin yaratdığını da dilə gətirib.