...

Baş Prokurorluqda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Cəmiyyət Materials 18 Yanvar 2020 17:33 (UTC +04:00)
Xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş Prokurorluqda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixdə "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.

Trend-in məlumatına əsasən, yanvarın 18-də Baş Prokurorluqda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilən anım mərasimi keçirilib.

Xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, hələ 1987-ci ildə Sovetlər ittifaqının həmin dövrdəki rəhbərliyinin ulu öndər Heydər Əliyevi hakimiyyət strukturlarından uzaqlaşdırması ilə xalqımızın ağır və məhrumiyyətli günləri başlanmış, hadisələrin bu cür gedişatı isə son nəticədə azərbaycanlıların öz əzəli torpaqlarından deportasiya edilməsinə, Bakı şəhərində dinc əhaliyə qarşı kütləvi qırğınların baş verməsinə, eləcə də erməni işğalçıları tərəfindən torpaqlarımızın işğalına gətirib çıxarıb.

Həmin dövrdə Azərbaycanda başlanmış milli azadlıq hərəkatını boğmağa çalışan və var gücü ilə erməni separatizmini dəstəkləyən Mixail Qorbaçov və onun məqsədli şəkildə Azərbaycan xalqına sırıdığı, faktiki olaraq Moskvanın oyuncağına çevrilən Əbdülrəhman Vəzirov yaranmış vəziyyətlə əlaqədar xalqla birbaşa dialoqa girmək, onları narahat edən məsələlərin həlli istiqamətində real işlər görmək əvəzinə açıq aşkar satqınçılıq mövqeyi sərgiləməsi xüsusilə vurğulanıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı milli azadlıq mübarizəsini boğmaq məqsədi ilə totalitarizmin törətdiyi ən qanlı terror aktlarından birini - 20 Yanvar cinayətini törədib. Hadisələr nəticəsində 132 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs edilib.

Bildirilib ki, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi cinayətlərə etiraz olaraq xalqımızın ümummilli lideri Heydər Əliyev həmin vaxt yaşadığı Moskva şəhərində cəsarət göstərərək oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın nümayəndəliyinə gələrək doğma xalqına qarşı cinayət törətmiş şəxslərin cəzalandırılmasına dair kəskin bəyanatla çıxış edib.

Qeyd edilib ki, əhaliyə fövqəladə vəziyyətin elan edilməsi haqqında fərman elan edilmədən qoşun hissələrini Bakı şəhərinə yeridib günahsız insanların qətlə yetirilməsi, yaralanması və digər faktlar üzrə dərhal cinayət işinin başlanmaması və istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməməsi o zamankı Azərbaycan SSR Baş Prokurorluğunun rəhbərliyi tərəfindən cinayət-prosessual qanunvericiliyinin ən kobud pozuntusu kimi qiymətləndirilməlidir.

Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsi ilə bağlı cinayət işi hadisələrdən yalnız iki il sonra, 14 fevral 1992-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən başlanılsa da, cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tutarlı tədbirlər görülməyib, səthi istintaq aparılıb, faktiki olaraq təqsirkar şəxslərin əməllərinə hüquqi qiymət verilməyib.

Xüsusilə nəzərə çatdırılıb ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər olmadan mümkün olan bütün istintaq hərəkətləri yerinə yetirilib, axtarışda olan təqsirkar şəxslərin tutulub istintaqa təqdim edilmələri üçün Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına qanunla müəyyən edilmiş bütün zəruri sənədlər təqdim olunub, Rusiya Federasiyası Baş Prokurorluğu 1990-cı ilin yanvar hadisələri haqqında cinayət işinin 68 cildinin geri qaytarılmasından dəfələrlə əsassız olaraq imtina edib.

Bildirilib ki, 1992-ci ildə hakimiyyəti qanunsuz yolla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəyə rəhbərlik etdikləri bir il ərzində xalqımıza qarşı xəyanət edərək 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verməmiş, bu faciəyə biganə qalıb.

Vurğulanıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bu bəşəri cinayətə məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verilib. Hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət alması məqsədilə ümummilli lider Heydər Əliyevin imzaladığı "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli Fərmana əsasən Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il martın 29-da keçirilmiş xüsusi sessiyasında 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunaraq bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Qeyd edilib ki, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ulu öndən Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Şəhidlər xiyabanında ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi qəhrəmanlıq və rəşadətin əbədiləşən rəmzinə çevrilib.

Xüsusilə vurğulanıb ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Həyata keçirilən geniş sosial paketlərlə qanlı Yanvar hadisələrində əlil olmuş və ailə üzvlərini itirmiş şəxslərə verilən sosial müavinətlərin məbləği artırılıb, eləcə də onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı şəhidlərimizin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrilib. 2009-cu ilin oktyabrında isə paytaxtın Yasamal rayonundakı "20 Yanvar" dairəsində memorial abidə kompleksinin inşası 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olub.

Ölkəmizdə sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, sosial həssas əhali qruplarının, o cümlədən 20 Yanvar hadisələrində əlil olmuş və ailə üzvlərini itirmiş şəxslərin problemlərinin aradan qaldırılması istiqamətində Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər xüsusi vurğulanıb.

Mərasimin sonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti