...

“AQTA maarifləndirir” - Taxıl böcəyi zərərvericisinin dənli bitkilər üçün təhlükəsi

Cəmiyyət Materials 7 Fevral 2020 09:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

Trend-in məlumatına görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Taxıl böcəyi zərərvericisinin dənli bitkilərə təhlükəsi" mövzusunda olacaq.

Müxtəlif zərərli orqanizmlərin taxıl bitkilərinə vurduğu ziyan ciddi məhsul itkisinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün taxıl istehsalçıları zərərli orqanizmlər barədə daim məlumatlı olmalı və bu cür zərərvericilərə qarşı ardıcıl mübarizə aparmalıdırlar.

Taxıl böcəyi ilə mübarizə tədbirləri aparılmadıqda bəzən 70-80 % məhsul itkisinə səbəb ola bilir. Bu böcəklər buğda, arpa, çovdar, vələmir və qarğıdalı əkinlərinə ciddi ziyan vurur, yabanı dənli taxıl bitkilərlə qidalanır. Taxıl böcəyinin zərərvermə qabiliyyəti dəmyə əkinlərdə daha yüksək olur. Yumurtadan təzə çıxmış sürfələr günəş batdıqdan sonra yer üzərinə çıxaraq taxıl cücərtilərinin yarpaqları ilə qidalanmağa başlayır. Qidalanma şaxtalar düşənə qədər davam edir. Qış mülayim keçdikdə, eləcə də yazda gündəlik orta temperatur 7-8°C-ə çatdıqda inkişafını başa çatdırmamış sürfələr yenidən qidalanmağa başlayır. Aprelin ikinci ongünlüyündən sürfələr puplaşmağa başlayır.

Mayın əvvəllərindən sonuna qədər ardıcıl olaraq Aran, Dağətəyi və dağlıq ərazilərdə cavan böcəklərə rast gəlinir. Onlar da sürfələr kimi gecə həyat tərzi keçirir. Günəş batdıqdan sonra sünbüllərə daraşır və pulcuqları gəmirərək dolmaqda olan dənlərlə qidalanır.

Taxıl böcəklərinə qarşı mübarizə aparmaq üçün zərərverici yayılmış sahədə taxıl qısa müddətdə biçilib yığılmalı və itkiyə yol verilməməlidir. Zərərverici ilə sirayətlənmış sahənin taxılı biçildikdən sonra küləş tamamilə yığılmalı və 25-30 sm dərinliyində şum aparılmalıdır. Eyni sahədə 3-4 il ardıcıl olaraq taxıl əkildikdə taxıl böcəyinin kütləvi artması müşahidə edildiyinə görə sirayətlənmiş sahələrdə mütləq növbəli əkin tətbiq olunmalıdır. Taxıl böcəyi yayılmış sahələrdə bərk buğda sortları əkilməli, şum altına fosforlu gübrələr verilməli və bitkilərin normal inkişafı üçün digər gübrələrdən istifadə edilməlidir. Toxum əkindən qabaq dərmanlanmalı və səpinlə bərabər torpağa dənəvərləşdirilmiş insektisidlər verilməlidir. Payızda bitkilərin kollanması dövrünə qədər sürfələrin orta sayı adi taxıl əkinlərində 1 kvadratmetrdə 1,6-2,2, toxumluq taxıl əkinlərində 0,8-1, yazda payızlıq dənli bitkilərin boy atması dövründə isə 3-4 ədəd olarsa, kimyəvi mübarizə tədbirlərinin aparılması üçün mütəxəssislərə müraciət edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti