...

Ombudsman Aparatının əməkdaşı Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

Cəmiyyət Materials 28 Fevral 2020 18:31 (UTC +04:00)
Fevralın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Ombudsman Aparatının əməkdaşı Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib

Bakı. Trend:

Fevralın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabbarov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq şöbəsinin müdiri Aybəniz İsmayılova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təşkilati-nəzarət və analitika şöbəsinin aparıcı məsləhətçisi Aynurə Əliyeva və müxtəlif məktəblərdən olan 50 şagird iştirak edib. Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərlərindəki, eləcə də Zaqatala, Şamaxı, Qəbələ rayonlarında yerləşən mərkəzləri vasitəsilə 120-yə yaxın şagird birbaşa tədbirə qoşulub.

Tədbirdə çıxış edən Ombudsman Aparatının elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət, həm də soyqırım aktı olduğunu diqqətə çatdırıb. Bu dəhşətli faciə zamanı insanların hüquqlarının, ən əsası, yaşamaq hüququnun kütləvi şəkildə pozulduğunu deyən L.Zeynalova soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, konkret faktlar və tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması məqsədilə Ombudsman Aparatı tərəfindən silsilə tədbirlər təşkil edildiyini bildirib. O, hər il olduğu kimi bu il də Müvəkkil tərəfindən Xocalı soyqırımı ilə bağlı verilmiş bəyanatın nüfuzlu beynəlxalq qurumlara, o cümlədən BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-ə, həmçinin müxtəlif ölkələrin ombudsmanlarına və səfirliklərinə göndərildiyini deyib.

Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı məlumatlar uşaqlar tərəfindən sosial şəbəkələr vasitəsilə beynəlxalq təşkilatlara, eləcə də xaricdə yaşayan dostlarına çatdırılıb. Bununla da tarixi həqiqətlər bir daha gənc nəsilə və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti