Bakı. Trend:
Mart ayının sonunadək, təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O bildirib ki, Azərbaycanda tibbi maska istehsal edən müəssisədə ilkin olaraq istehsal həcmi gündəlik təqribən 90-100 min olacaq. Tədricən maksimal istehsal gücü gündəlik 200 minə çatacaq.
İ.Məmmədov əlavə edib ki, iqtisadi hesablamaların nəticəsində məlum olub ki, fevral ayında maskalara ən çox ehtiyac olduğu kulminasiya günlərində 200 min tibbi maska satılıb.
Kabinet rəsmisi bildirib ki, tibbi maska istehsal etməklə yanaşı həm də idxal edəcək:
Maskaların qiymətinə gəldikdə isə, İ.Məmmədov deyib ki, bu dövrdə iqtisadi sabitlik və istehlak bazarında qiymətlərə nəzarət qorunmalıdır:
"Tibbi maskaların qiyməti ilə bağlı məsələlər diqqətdədir. Prezidentin bu məsələdə siyasi iradəsi belədir ki, əhalinin infeksiyadan təhlükəsizliyi maksimum təmin olunmalıdır, iqtisadi sektorlara və iqtisadiyyata dəyən ziyan minimallaşdırılmalıdır və sosial müdafiəyə ehtiyacı olan insanların sosial müdafiəsi təmin olunmalıdır".