...

Ombudsman Aparatında könüllülərin ilk qrupunun fəaliyyətinə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 8 İyun 2020 20:36 (UTC +04:00)
Ombudsman Aparatında könüllülərin ilk qrupunun fəaliyyətinə yekun vurulub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci il “Könüllülər ili” elan edilib.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, bu məqsədlə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, Ombudsman Aparatı 2019-cu il dekabr ayında gənclər arasında könüllülük fəaliyyəti elan edib və cari ilin yanvar ayından etibarən könüllü fəaliyyətin tətbiq edilməsinə başlanılıb.

“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tərəfindən diplomlar təqdim edilib. A.Səfixanlı könüllü fəaliyyətini başa vuran gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ombudsman Aparatının fəaliyyətində iştirak edən könüllülər arasında Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquq fakültəsinin məzun və tələbələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, o cümlədən xarici universitetlərdə müxtəlif ixtisaslar üzrə bakalavr və magistr təhsili alan gənclər də olub.

Ombudsman Aparatında könüllülər müxtəlif şöbə və sektorlarda təcrübə keçib, Müvəkkilin ünvanına daxil olan müraciətlərə baxılması prosesində iştirak edib, bu müraciətlərlə əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə göndərilən sorğularla, insan hüquqları sahəsində milli qanunvericilik bazası və beynəlxalq hüquqi aktlarla, habelə kitabxanadakı hüquq ədəbiyyatları ilə, ərizə və şikayətlərin öyrənilməsi vasitəsilə ölkə Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə mexanizmi, habelə Müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğularla, Ombudsmanın əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki, eləcə də işgəncə əleyhinə milli preventiv mexanizm funksiyalarının icrası, beynəlxaq əməkdaşlıq, informasiya və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyəti, habelə Müvəkkilin illik məruzələri ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti