...

Komitə sədrindən təklif: Yas çadırlarını kirayə verən şirkətlər, şəxslər cərimələnsin

Cəmiyyət Materials 10 İyun 2020 12:45 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Yas yerlərində koronavirusa yoluxmaların çoxalması ciddi narahatlıq doğurur. Təəssüflər olsun ki, xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız koronavirusla mübarizədə lazımi məsuliyyət nümayiş etdirmirlər.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, əsasən rayonlarda, kəndlərdə kütləvi şəkildə yas mərasimlərinin keçirilməsi müşahidə olunur ki, burada da çoxlu sayda yoluxmalar baş verir:

“Hesab edirəm ki, bu məsələdə bir neçə istiqamətdə ləngimədən iş aparmaq lazımdır. Birinci növbədə yenə də maarifləndirmə işi davam etməlidir. Digər tərəfdən Prezidentin söylədiyi üç özünü qoruma tədbirinə hər kəs mütləq əməl etməlidir - sosial məsafənin qorunması, qapalı yerlərdə tibbi maskalardan istifadə olunması və dezinfeksiya məhlulları ilə tez-tez əllərin təmizlənməsi.

Digər tərəfdən yas yerlərinin kütləviliyini azaltmaq üçün də müvafiq addımların atılması lazımdır. Ya Qafqaz Müsəlmanları İdarəsi fətva verməlidir, ya vətəndaşlara müraciət etməlidir, yaxud da onların tabeliyində olan din xadimlərinin vasitəsilə yas mərasimlərinin keçirilməsinin məhdudlaşdırılması üçün tədbirlər görülməlidir.

Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz xətti ilə lazımi məhdudlaşdırıcı tədbirlər görməlidir. Məsələn, 10-15 nəfərdən çox insanın dəfn mərasimində iştirak etməsinə qadağa qoymalıdır. Sonrakı günlərin yas mərasimləri də, yəni üç, yeddi, cümə axşamları təxirə salınmalıdır”.

Yas mərasimlərində iştirak edən insanların cərimələnməsi məsələsinə gəlincə M.Quliyev bunu doğru hesab etmir:

“Yas yeri elədir ki, burada cərimələr tətbiq etmək olmaz, bu bir az bizim ənənələrimizə uyğun deyil. Amma hər halda yas çadırlarını kirayə verən şirkətlər, şəxslər, mərasim yerlərinin sahiblərinə cərimələr tətbiq oluna bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti