...

Azərbaycanda su mövzusuna həsr edilən ilk virtual hakatona start verilir

Cəmiyyət Materials 10 İyun 2020 20:32 (UTC +04:00)
Azərbaycanda su mövzusuna həsr edilən ilk virtual hakatona start verilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMT İP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakatona start verir.

BMT İP-in Azərbaycan ofisindən Trend-ə bildiriblər ki, hakaton yarışmadır və məqsədi keçirildiyi müddət ərzində innovatorlar, proqramçılar və hakerləri bir araya gətirərək onları suallara yeni həll yollarının proqramlar, alətlər şəklində təklif olunmasına sövq etməkdir.

“Aquahack” adlandırılan hakaton innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də, 13 yaşdan yuxarı ən fəal icma üzvlərini suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji ideyalar və həllər təklif etməyə dəvət edir.

Nümunə üçün deyə bilərik ki, Azərbaycanda ən çox su itkisinə kortəbii suvarma təcrübəsi səbəb olur və bu sahədə təklif ediləcək ideyalar yeni qənaətcil, çevik və innovativ suvarma üsullarından istifadəni sövq edəcək.

Problemin həlli istiqamətində təklif ediləcək ideyalar fermerləri torpaq və meteoroloji məlumatlardan optimal şəkildə istifadəni təmin edən yeni suvarma üsulları ilə tanış etməklə bağlı ola bilər.

Digər həllərə ev şəraitində sudan qənaətlə istifadəyə dair yeni ictimai məlumatlandırma metodları aid edilə bilər.

“Aquahack” yarışmasına qeydiyyat iyunun 10-dan 25-dək keçiriləcək və hakatonda iştirak tamamilə ödənişsizdir. Müraciətlər həm fərdi, həm də qrup şəklində təqdim oluna bilər. Müraciət prosesi bitdikdən sonra iştirakçıları konkret problemlər və mövzu ilə ətraflı tanış etmək məqsədilə silsilə vebinarlar təşkil olunacaq. Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Ümumilikdə, 3 mükafat - birinci yer üçün 5000, ikinci yer üçün 3000 və üçüncü yer üçün 2000 manat təqdim olunacaq.

Son müraciət tarixi iyunun 25-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti